Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov QHT.az-a özəl açıqlamasında işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərə vergi güzəştlərinin tətbiq edildiyini açıqlayıb. Bu güzəştlər, yeni iş yerləri yaradan hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulub.

Hüquqşünasın sözlərinə görə, həmin ərazilərdə məskunlaşan əhali üçün bir sıra məşğulluq proqramlarına qoşulmaq imkanı yaradılıb. Bu proqramlar arasında özünəməşğulluq proqramları və digər aktiv məşğulluq təşəbbüsləri yer alır. S.Məmmədov gələcəkdə aqrar sektorun inkişafı ilə yeni müəssisələrin yaranmasının məşğulluğun təmin edilməsinə kömək edəcəyini də vurğulayıb. "İş yeri yaratmaq istəyənlər üçün dövlətin müəyyən strategiyaları var. Vergilərdən azad olunma ilə bağlı bir çox imkanlar mövcuddur. Həmçinin, QHT-lərin burada rolu maarifləndirmə və təşviq işləri ilə məhdudlaşır. Məsələn, Avrasiya Mətbuat Fondu, bu ərazilərdə minatəmizləmə işləri və layihələr həyata keçirərək yerli əhalini də cəlb edir," - deyə Sahib Məmmədov əlavə edib.

Bu təşəbbüslər, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafına yönəldilib və bölgədə yeni iş imkanlarının yaradılmasına mühüm töhfə verəcək.

 

Pərvanə Fərhadqızı