Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a özəl açıqlamasında, əlilliyi olan şəxslərə sosial yardım və dəstək proqramlarının artırılması zərurətini vurğulayıb. O, bu şəxslərin cəmiyyətə inteqrasiyası və onlara daha çox imkanlar yaradılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib.
QHT sədri bu istiqamətdə fəaliyyətin gücləndirilməsi, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və infrastrukturun əlverişli hala gətirilməsi üçün dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığının önəmli olduğunu qeyd edib.
“Hədəfimiz, əlilliyi olan şəxslərin cəmiyyətin aktiv üzvləri kimi iştirak etmələrini təmin etməkdir,” – deyə Cəmilə Abdulova əlavə edib. O, eyni zamanda, bu şəxslərin hüquqlarının qorunması və onlara dəstək olunması üçün cəmiyyətin maarifləndirilməsi vacibliyini də vurğulayıb. C.Abdulova, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi layihələrin, bu sahədə müsbət təsir göstərəcəyini və əlilliyi olan şəxslərin sosial aktivliyini artırmağa xidmət edəcəyini bildirib.
Pərvanə Fərhadqızı
QHT.az






