Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam Ailə Modeli – Güclü Gələcəyə Zəmanətdir” layihəsi çərçivəsində 24 iyul tarixində Sumqayıt şəhərində “Ailədaxili münasibətlərdə sağlam ünsiyyət və konfliktlərin həlli yolları” mövzusunda təlim təşkil olunub.
QHT.az xəbər verir ki, layihə çərçivəsində həyata keçirilən təlimin əsas məqsədi cəmiyyətdə sağlam ailə dəyərlərinin təşviqi, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, münaqişələrin dinc yollarla həlli mədəniyyətinin formalaşdırılması və ailələrin psixoloji rifahının dəstəklənməsidir.
Təlim zamanı təlimçi Günel Ələkbərova iştirakçılara effektiv ünsiyyətin əsas prinsipləri, aktiv dinləmə bacarıqları, emosiyaların düzgün idarə olunması, ailədaxili münaqişələrin yaranma səbəbləri və onların qarşısının alınması yolları haqqında ətraflı məlumat verib. Eyni zamanda, təlim zamanı ailə daxilində qarşılıqlı anlaşmanın artırılması, uşaqlarla sağlam ünsiyyətin qurulması və münaqişələrin zorakılığa yol vermədən həlli ilə bağlı praktik tövsiyələr və interaktiv tapşırıqlar təqdim olunub.
Tədbir iştirakçıların fəal müzakirələri və sual-cavab sessiyası ilə davam edib. İştirakçılar gündəlik ailə həyatında rast gəldikləri çətinlikləri bölüşərək mövzu ilə bağlı fikir mübadiləsi aparıb, təlim zamanı əldə etdikləri bilik və bacarıqların ailə münasibətlərinin daha sağlam şəkildə qurulmasına töhfə verəcəyini bildiriblər.






