ABŞ-da aparılan yeni araşdırma qeyri-kommersiya təşkilatlarının ölkədə ən çox etibar edilən institutlar sırasında olduğunu göstərib. Independent Sector təşkilatının dərc etdiyi “Trust in Nonprofits and Philanthropy” hesabatına əsasən, respondentlərin 56 faizi qeyri-kommersiya təşkilatlarına yüksək etibar etdiyini bildirib. Bu göstərici hökumət, media və iri korporasiyalara olan etimaddan daha yüksəkdir.
QHT.az xarici mediaya istinadən bildirir ki, hesabatda qeyd olunur ki, vətəndaşların QHT-lərə inamını artıran əsas amillər təşkilatların şəffaf fəaliyyəti, maliyyə hesabatlılığı və cəmiyyətlə birbaşa əməkdaşlığıdır. Araşdırmaya görə, son bir il ərzində hər hansı QHT ilə birbaşa əlaqədə olan insanların 60 faizi bu təcrübədən sonra həmin təşkilatlara daha çox güvəndiyini bildirib.
Mütəxəssislər hesab edirlər ki, ictimai etimadın qorunması üçün QHT-lərin açıq kommunikasiya, hesabatlılıq və vətəndaş iştirakını gücləndirməsi xüsusi əhəmiyyət daşıyır. Hesabatda həmçinin qeyd edilir ki, süni intellektdən istifadə edən təşkilatlar bu texnologiyanın necə tətbiq edildiyini ictimaiyyətə aydın şəkildə izah etməlidirlər ki, etimad qorunsun.






