Rusiyada tanınmış xeyriyyəçi və vətəndaş cəmiyyəti fəalı Lida Moniava müharibə əleyhinə sosial media paylaşımlarına görə saxlanılıb. Amnesty International onun barəsində cinayət işi başlanmasını ifadə azadlığına qarşı növbəti təzyiq kimi qiymətləndirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters Moniavanın təqibinin yalnız onun deyil, bütövlükdə vətəndaş cəmiyyətinin susdurulmasına yönəldiyini bildirib. Təşkilat Rusiya hakimiyyətini onun cinayət təqibini dayandırmağa və müharibə əleyhinə fikirlərinə görə həbs olunan şəxsləri azad etməyə çağırıb.

Lida Moniava 2008-ci ildən xeyriyyə sektorunda fəaliyyət göstərir. O, ağır xəstə uşaqlara yardım göstərən təşkilatlarda çalışıb və 2018-ci ildən “Dom s Mayakom” uşaq hospisinin xeyriyyə fonduna rəhbərlik edir.

Moniava 2 sentyabr 2026-cı ildə Moskvada Rusiya Silahlı Qüvvələri barədə “bilərəkdən yalan məlumatların yayılması” ittihamı ilə saxlanılıb. Onun evində axtarış aparılıb və özü dindirilib. Vəkilinin sözlərinə görə, cinayət işi 2023-cü ildə “Telegram” kanalında etdiyi paylaşımlardan biri ilə bağlıdır.

Bundan əvvəl, 2026-cı ilin fevralında Moniava Rusiya Silahlı Qüvvələrini “gözdən salmaqda” ittiham edilərək 45 min rubl cərimələnib. Amnesty International onun işini Rusiyada müharibə ilə bağlı ifadə azadlığına tətbiq edilən təzyiqlərin nümunəsi kimi qiymətləndirir.