Sumqayıt Gənclər Evində “Rəqəmsal insan hüquqları resurs xəritəsi”nin təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, mayın 29-da Sumqayıt Gənclər Evində Hüquq və İnsan Haqları İnstitutu və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) birgə əməkdaşlığı ilə yeni istifadəyə verilən “Rəqəmsal insan hüquqları resurs xəritəsi”nin təqdimatı keçirilib. Xəritədə Azərbaycanın şəhər və regionlarında insan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və yerli strukturların əlaqə vasitələri ehtiva olunub.

Təqdimatın açılışı zamanı çıxış edən Sumqayıt Gənclər Evinin metodisti Leyla Cəlilli rəqəmsal interaktiv xəritənin insanlara axtardıqları informasiyaları daha sürətli və rahat şəkildə əldə etmələrinə xidmət göstərəcəyini bildirib. İnstitutun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Günel Əliyeva və İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçisi Əmrah Rəhimli geniş təqdimatla çıxış edərək rəqəmsal xəritənin funksionallığı və işləmə mexanizmi barədə məlumat veriblər.

Təqdimatda 20-dən çox mediator, vəkil, QHT üzvü, həmçinin Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak ediblər.

İnstitutun rəsmi veb səhifəsinə (https://lhri.az/az/virtual-map) daxil olmaqla “Rəqəmsal insan hüquqları resurs xəritəsi”ndən istifadə etmək olar.