Alimlər qeyd edirlər ki, bütün dünyada atlar quş qripi olan ərazilərdə həssas ola bilər.

QHT.az xəbər verir ki, Quş qripi (H5N1) atlara simptomsuz yoluxa bilər və bu, virusun səssiz yayılma ehtimalını artırır. Qlazqo Universitetinin alimləri Monqolustanda atlardan alınmış qan nümunələrində quş qripinə qarşı anticisimlər aşkarlayıblar. Professor Pablo Murcia bildirib ki, bu vəziyyət virusun atlar vasitəsilə insanlara keçmə riskini artırır. Tədqiqatçılar atların yeni qrip ştamları üçün "qarışdıran qab" rolunu oynaya biləcəyini qeyd edirlər. Atlar H3N8 virusuna yoluxa bildiyi kimi, H5N1 virusuna da eyni vaxtda yoluxmaqla, virusların genetik dəyişikliklərlə inkişafına səbəb ola bilər. H5N1 virusunun son illərdə köçəri quşlarla bütün dünyaya yayılması və məməlilərə keçməsi halları müşahidə olunub.

ABŞ-da isə quş qripi inəklərə də yayılıb. 15 ştatda 700-dən çox süd sürüsü yoluxub, 60 ferma işçisində yüngül simptomlar qeydə alınıb. Bu vəziyyət, elm adamlarının virusun məməlilərin hüceyrələrində yaşama qabiliyyətini artıracaq mutasiyalar keçirməsindən narahat olmasına səbəb olub. ABŞ yeni qaydalarla çiy südün təhlükəsizliyini artırmağa çalışır, Böyük Britaniya isə 5 milyon doza peyvənd sifariş edib. Hələlik virusun insanlara keçmə riski az hesab edilir, lakin mütəxəssislər ehtiyatlı olmağı vacib hesab edirlər.

 

R.İmanov