Quba Rayon Mərkəzi Xəstəxanasında şəhid Ruslan Bayramovun anası Ayğün xanım üzərində uğurlu cərrahi əməliyyat icra olunub. Əməliyyatdan sonra xəstəxananın baş həkimi Əliyar Sərvərov, eləcə də həkimlər Qurbanov Gəray, Abdullayev Mayis və Mahmudov Sərraf şəhid anasının yanına baş çəkərək onun səhhəti ilə yaxından maraqlanıblar.

QHT.az xəbər verir ki, bu sözləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, həkimlər əməliyyatın gedişi və nəticələri barədə ətraflı məlumat verib, əməliyyatdan sonrakı vəziyyəti diqqətlə yoxlayaraq lazımi tibbi tövsiyələrini təqdim ediblər. Baş həkim Əliyar Sərvərov şəhid ailələrinə göstərilən diqqət və qayğının hər zaman prioritet olduğunu vurğulayıb, onların dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

"Tibb personalının, xüsusilə Yalçın Tapdıqovun səmimi münasibəti və həssas yanaşması ailə üzvləri tərəfindən minnətdarlıqla qarşılanıb. Şəhid ailələrinə göstərilən bu diqqət bir daha sübut edir ki, onların sağlamlığı və rifahı daim diqqət mərkəzində saxlanılır".

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova xəstəxana kollektivinə təşəkkürünü bildirib. Birliyin adından başda Əliyar Sərvərov olmaqla bütün tibbi heyətə göstərilən peşəkarlıq və mənəvi dəstəyə görə minnətdarlıq ifadə olunub.