Fevralın 15-də “Göygöl rayonunun Üçtəpə kəndində içməli su sisteminin quraşdırılması” və “Vərəm Xəstəliyinin müayinəsi üçün portativ rentgen qurğusu ilə təchiz etmə” layihələri ilə bağlı qeyri-hökumət təşkilatları (QHT) rəhbərləri ilə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada arasında iki qrant müqaviləsi imzalanıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, qrant məbləği təqribən 137 min 400 manat olan “Göygöl rayonunun Üçtəpə kəndində içməli su sisteminin quraşdırılması” layihəsində Üçtəpə kəndinin içməli su sistemi ilə təchiz olunmamış ərazisində təxminən 4300 metr uzunluğunda yerüstü boru xəttinin çəkilməsi planlaşdırılır. Layihəni Gənc Liderlər Təhsil Təlim və İnkişaf İctimai Birliyi icra edəcək.
“Vərəm xəstəliyinin müayinəsi üçün portativ rentgen qurğusu ilə təchiz etmə” layihəsində “Fujifilm” adlı yapon şirkətinin istehsal etdiyi, süni intellektlə təchiz olunmuş rentgen qurğusunun bağışlanması və bu qurğu vasitəsilə Azərbaycanın vərəm xəstəliyinin yayılma riski yüksək olan 13 bölgəsi, həmçinin məcburi köçkün və qaçqın əhalinin məskunlaşdığı ərazilərdə vərəmə yoluxma riskinin yüksək olduğu güman edilən şəxslərin müayinəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihənin qrant məbləği təqribən 169 min 900 manatdır. Layihəni “Sağlamlığa xidmət” İctimai Birliyi icra edəcək.
İmzalanmış müqavilələr də daxil olmaqla, Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək ümumilikdə 277 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 39 milyon 500 min manatdan çoxdur.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşıyıb. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumların müraciəti mümkündür.












