2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrində təhsil haqlarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr davam edir. QHT rəhbərləri hesab edirlər ki, təhsil haqları müəyyənləşdirilərkən universitetlərin maliyyə xərcləri ilə yanaşı, vətəndaşların sosial vəziyyəti və ailələrin ödəmə imkanları da nəzərə alınmalıdır.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev bildirib ki, universitetlər qiymət siyasətini formalaşdırarkən əhalinin əsas hissəsinin aşağı və orta əməkhaqqı alan vətəndaşlardan ibarət olduğunu nəzərə almalıdır. Onun sözlərinə görə, tələbələrin xərcləri yalnız təhsil haqqı ilə məhdudlaşmır, nəqliyyat, yaşayış, qidalanma və dərs vəsaitləri də ailələr üçün ciddi maliyyə yükü yaradır. QHT sədri təhsil haqlarının müəyyənləşdirilməsində minimum əməkhaqqı kimi meyarların nəzərə alınmasını, həmçinin tələbələr üçün pulsuz və ya güzəştli yataqxana, nəqliyyat və internet imkanlarının yaradılmasını təklif edib.
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni isə hesab edir ki, təhsil haqları müəyyən edilərkən ilk növbədə vətəndaşın rifahı nəzərə alınmalıdır. O bildirib ki, universitet üçün təhsilin real maya dəyəri müəyyənləşdirilməli, eyni zamanda həmin məbləğin Azərbaycan vətəndaşlarının ödəmə imkanlarına uyğun olub-olmadığı qiymətləndirilməlidir. R.Zeyni ali təhsil müəssisələrinin maraqları ilə vətəndaşların sosial vəziyyəti arasında balans yaradılmasının və “optimal qiymət” prinsipinin əsas götürülməsinin vacibliyini vurğulayıb.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov isə sosial həssas qruplara aid tələbələrin təhsil haqqından azad edilməsi ilə bağlı mövcud güzəştlərə diqqət çəkib. Onun sözlərinə görə, məcburi köçkünlər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, müəyyən edilmiş əlilliyi olan şəxslər, şəhid ailəsi statusu daşıyan şəxslər, şəhid və müharibə əlillərinin övladları, eləcə də müharibə veteranları üçün qanunvericilikdə müxtəlif güzəştlər nəzərdə tutulub. F.Əkbərov hesab edir ki, bu mexanizmlər sosial həssas ailələrdən olan şəxslərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir Azəri isə xüsusilə hüquq, tibb və digər ixtisaslar üzrə təhsil haqlarının artırılmasının ictimaiyyət üçün aydın şəkildə əsaslandırılmasının vacibliyini bildirib. Onun fikrincə, universitetlər qiymət artımının hansı hesablamalara və meyarlara əsaslandığını açıqlamalıdır. N.Azəri vurğulayıb ki, hüquq və tibb kimi strateji əhəmiyyətli ixtisasların yalnız maddi imkanları yüksək olan ailələrin övladları üçün əlçatan olması arzuolunan deyil.
QHT sədri təklif edib ki, yüksək nəticə göstərən, lakin ailəsinin maddi vəziyyəti yüksək təhsil haqqını ödəməyə imkan verməyən tələbələr üçün universitetdaxili güzəştlər tətbiq olunsun. Onun sözlərinə görə, aztəminatlı ailələrdən olan yüksək nəticəli tələbələrə 50 faizə qədər güzəşt verilməsi, həmçinin birinci kursda özünü yaxşı göstərən tələbələrin sonrakı illərdə təhsil haqqının azaldılması kimi mexanizmlər tətbiq edilə bilər.
QHT rəhbərlərinin fikrincə, təhsil haqlarının müəyyənləşdirilməsi zamanı əsas məqsəd həm ali təhsil müəssisələrinin maliyyə ehtiyaclarını, həm də vətəndaşların sosial imkanlarını nəzərə alan balanslı və ədalətli mexanizmin formalaşdırılması olmalıdır.












