Hindistanda qeyri-hökumət təşkilatlarının (QHT) xaricdən maliyyə almasına nəzarəti gücləndirəcək yeni qanun layihəsi ətrafında müzakirələr davam edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, 10 avqustda yayılan məlumata görə, Hindistan hökuməti qanun layihəsinin əsas məqsədinin xarici maliyyələşmədə şəffaflığın artırılması və vəsaitlərin qanuni məqsədlər üçün istifadəsinə nəzarətin gücləndirilməsi olduğunu bildirir. (@theweek)

Hökumətin mövqeyinə əsasən, yeni qaydalar xarici ianələri tamamilə qadağan etmir. ABŞ-dakı Hindistan səfiri Vinay Mohan Kwatra da bildirib ki, qanun layihəsi qanuni xarici maliyyələşməni qadağan etmək deyil, onun daha şəffaf və aydın qaydalar çərçivəsində həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. (Moneycontrol)

Bununla belə, QHT və vətəndaş cəmiyyəti nümayəndələri dəyişikliklərin təşkilatların fəaliyyətinə əlavə məhdudiyyətlər gətirə biləcəyindən narahatdırlar. Tənqidçilər xüsusilə xarici maliyyədən asılı olan təşkilatların işinin çətinləşə biləcəyini bildirirlər.

Qeyd edək ki, FCRA Hindistanda QHT-lərin və digər təşkilatların xarici maliyyə qəbul etməsini və istifadəsini tənzimləyən əsas qanunvericilik mexanizmidir.