QHT rəhbərləri “bir pəncərə” prinsipi əsasında maliyyələşdirmə qaydalarını müsbət qiymətləndiriblər

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair Qaydanın təsdiq olunmasına münasibət bildirib:

“Qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair Qaydanın təsdiq olunmasını vətəndaş cəmiyyəti sektorunun inkişafı istiqamətində mühüm institusional islahat kimi dəyərləndirirəm.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu yeni mexanizm dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlığın daha sistemli, şəffaf və səmərəli şəkildə qurulmasına xidmət edəcək. Xüsusilə müxtəlif dövlət qurumlarının QHT-lərlə bağlı fəaliyyətinin vahid koordinasiya altında həyata keçirilməsi resurslardan daha effektiv istifadə olunmasına, prioritet mövzuların düzgün müəyyənləşdirilməsinə və layihələrin nəticəyönümlülüyünün artırılmasına imkan yaradacaq.

Qrant məbləğlərinin artırılması, ekspertiza meyarlarının təkmilləşdirilməsi, layihələrin dövlət siyasəti və strateji inkişaf sənədləri ilə əlaqələndirilməsi QHT sektorunun peşəkarlığının və təsir imkanlarının daha da güclənməsinə şərait yaradacaq.

Uzun illərdir vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərən bir təşkilatın rəhbəri kimi hesab edirəm ki, bu qərar dövlət–QHT tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşıdakı dövrdə bu mexanizmin ictimai təşəbbüslərin keyfiyyətinin yüksəlməsinə, sosial innovasiyaların təşviqinə və milli prioritetlərin həyata keçirilməsinə mühüm töhfələr verəcəyinə inanıram.

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi ilə bağlı yeni qaydaların tətbiqini alqışlayır, bu mühüm islahatın həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir:

“Son illərdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu proseslər, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QHT sektoruna göstərdiyi diqqət və dəstəyin nəticəsidir. Dövlət başçısının vətəndaş cəmiyyəti institutlarının güclənməsinə verdiyi önəm QHT-lərin daha geniş imkanlar əldə etməsinə, ictimai təşəbbüslərin daha sistemli şəkildə dəstəklənməsinə şərait yaradır.

QHT-lərin maliyyələşdirilməsi sahəsində ‘bir pəncərə’ prinsipinin tətbiqi proseslərin daha şəffaf, çevik və əlaqələndirilmiş formada həyata keçirilməsi baxımından olduqca vacib addımdır. Yeni mexanizm həm dövlət qurumları ilə QHT-lər arasında koordinasiyanın güclənməsinə, həm də ictimai təşəbbüslərin daha səmərəli şəkildə dəstəklənməsinə xidmət edəcək”.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib:

“Düşünürəm ki, QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda əsasında işə düşən yeni mexanizm Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 15 dövlət qurumu ilə sıx koordinasiyada QHT-lərin maliyyələşdirilməsinə dair vahid məlumat bazasının formalaşdırmasına, QHT fəaliyyətlərinin daha səmərəli, nəticə yönümlü, ölçülə bilən olmasına xidmət edəcək. Hamıya məlumdur ki, Azərbaycanda QHT sektorunda şəffalığın, faydalılığın artırılması istiqamətində son illər ciddi işlər görülür.

Digər mühüm məqam ondan ibarətdir ki, yeni qaydaya əsasən qrant məbləğləri artırılıb və bu da müvafiq layihələrin daha yaxşı və səmərəli həyata keçirilməsinə şərait yaradacaq”.

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübalı Nağıyev bildirib:

“Bu qərarı biz QHT-lər çoxdan gözləyirdik! Məlumdur kii, ölkəmizdə QHT-lər mütəmadi olaraq yüksək səviyyədə layihələr icra edirlər. İnanırıq ki, Doğma Azərbaycanımızın daha geniş miqyasda inkişafı naminə uğurlu, məhsuldar və yüksək nəticəli layihələrin sayı da artacaq. Həm Agentliyə və həm də həmkarlarımıza uğurlar arzulayıram”.