YAP Quba rayon təşkilatında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, Müzəffər Ali Baş Komandan cənab İlhamƏliyevin rəhbərliyi altında qazanılmış tarixi Qələbədən, eləcə də şəhidlərimizin və qazilərimizin göstərdikləri misilsiz qəhrəmanlıq nümunələrindən bəhs olunub.

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, belə əlamətdar bir gündə şəhid ailələrinin və qazilərin iştirakına xüsusi önəm verildiyinə görə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Hüseynova Fidan xanıma dəvətə, göstərdiyi diqqətə və şəhid ailələri ilə qazilərə olan həssas münasibətinə görə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər qəhrəman övladlarımızın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayaraq, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Bu əlamətdar gün münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi, müharibə veteranlarımızı və şəhid ailələrimizi ürəkdən təbrik edir, Vətənimizin müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.