16 saylı Yasamal ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınan Gülpəri Bayramova, sosial şəbəkə hesabında seçki platforması ilə bağlı bəzi məqamları bölüşüb. 29 yaşında iş adamı və ictimai fəal olaraq, Gülpəri Bayramova ölkənin inkişafı üçün öz təcrübəsini, enerjisini və innovativ ideyalarını tətbiq etmək istəyir.

QHT.az xəbər verir ki, Gülpəri Bayramova, gənc yaşlarından bəri əzm, çalışqanlıq və inamla hədəflərə çatmağın mümkün olduğunu bildirərək, biznes sahəsində qazandığı uğurları cəmiyyət üçün faydalı olacaq sahələrdə tətbiq etmək arzusunda olduğunu vurğulayıb. Seçkilərin yalnız rəqabət meydanı deyil, həm də birlik və əməkdaşlıq üçün bir imkan olduğunu qeyd edən Bayramova, gənclərin, qadınların və sahibkarların səsini yüksək tribunalara çatdırmaq niyyətində olduğunu bildirib.

O, seçicilərdən dəstək istəyərək, problemləri dinləyəcəyini, həll yollarını birgə axtaracağını və seçicilərin maraqlarını hər zaman ön planda tutacağını vəd edib. Gülpəri Bayramova üçün deputat statusunun insanlara xidmət etmək və onların həyatını yaxşılaşdırmaq üçün bir vasitə olduğunu qeyd edərək, seçkilərdə dəstək alacağına inandığını və seçicilərin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.