1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox QHT rəhbərləri və nümayəndələri də namizədliyini irəli sürüb.

QHT.az-ın araşdırmalarına görə, 16 saylı Yasamal seçki dairəsi üzrə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi Ictimai Birliyinin sədri Mehriban Abdullayeva da namizədliyini iriəli sürüb. 

Mehriban Abdullayeva 05 sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Yasamal rayonunda 13 nömrəli məktəbi bitirib. 1984-cü ildə Bakı Baza Energetika Texnikumunu fərqlənmə diplomu ilə, 1992-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Yol-inşaat fakültəsini tamamlayıb. Daha sonra, 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Peşəkar fəaliyyətinə 1985-ci ildə Azəraqroyol layihə inşaat birliyində mühəndis kimi başlayan Mehriban xanım, daha sonra müxtəlif dövlət və beynəlxalq təşkilatlarda mühəndis və rəhbər vəzifələrində çalışıb. 2000-ci ildən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədridir. Ailəlidir, 2 övladı var.

QHT sədrinin seçki platforması aşağıdakı əsas istiqamətlərdə fəaliyyətləri əhatə edir:

  1. Yasamal Rayonunun Problemlərinin Həlli: Yasamal rayonunun problemlərini dərindən bilən bir sakin kimi, bu problemlərin həllinə diqqət yetirərək, Dövlət başçısı Cənab İlham Əliyevin diqqətinə çatdırılmasını və həllinə nail olunmasını təmin edəcək.

  2. Qanunların Tətbiqi: Azərbaycan Konstitutsiyasında və qanunlar toplusunda əhalinin hüquqlarının qorunması məqsədilə qəbul edilmiş qanunların, sərəncam və qərarların yerinə yetirilməsinə nəzarət mexanizminin yaradılmasına çalışacaq.

  3. Şəhid Ailələri və Veteranlara Dəstək: Azərbaycanın şərəfli vətəndaşları olan şəhid ailələri, müharibə əlilləri və veteranlar üçün daimi açıq qapı təmin edəcək.

  4. İcra Hakimiyyəti ilə Əməkdaşlıq: Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəbul günlərində şəxsən iştirak edərək problemlərin yerində həll edilməsinə kömək göstərəcək.

  5. İqtisadi İnkişaf: Əhalinin sosial-iqtisadi problemlərinin həlli məqsədilə yeni iş yerlərinin açılması üçün dövlət qarşısında məsələlərin qaldırılmasına nail olacaq.

  6. Təhsil və Səhiyyə: Təhsildə və səhiyyədə baş alıb gedən özbaşınalıq və yarıtmaz fəaliyyətə qarşı mübarizəmi davam etdirəcək.

  7. Gənc Nəslin Təhsili: Gənc nəslin dünya standartlarına uyğun təhsil alması, peşə ixtisası qazanmaları və qızların erkən nikaha təşviq edilməsinin qarşısını almaq üçün fəaliyyətimi davam etdirəcək.

  8. Qiymətlərin Nəzarətə Alınması: Süni qiymət artımlarına qarşı mübarizə və uşaq pullarının verilməsi üçün təkliflər paketi hazırlayaraq Milli Məclisin müzakirəsinə təqdim edəcək.

Mehriban Abdullayeva, seçicilərini 1 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkilərində iştirak edərək, dəyərli hesab etdiyiniz namizədinizə səs verməyə dəvət edir.