Neftçalada fəaliyyət göstərən Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi yeni layihələr ilə cəmiyyətə töhfələr verməyə davam edir.
QHT.az -a özəl açıqlama verən birliyin sədri Gülqədəm Mirzəzadə bildirir ki, əsas hədəflərdən biri məktəbli övladı olan həssas ailələrə dəstək olmaqdır. Bu məqsədlə həyata keçirilən “Məktəblinin İzi ilə" sosial təşəbbüs təhsil və inkişaf sahəsində mühüm addımlar atmağı davam etdirəcəkdir.
Digər mühüm layihə isə həssas qrup qadınlar üçün iş yerinin yaradılmasıdır. Bu məqsədlə hazırda təmirdə olan çörək və şirniyyat sexi çox yaxında istifadəyə veriləcək və qadınların işlə təmin olunmasına şərait yaradacaq. 2025-ci ildə kənd yerlərində yaşayan qadınların aqrar sahədə inkişafına dəstək verilməsi nəzərdə tutulub. Bu təşəbbüs, qadınların sosial, iqtisadi və ictimai həyatda iştirakını artırmaq və onların maddi vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyır. İctimai birlik ödənişsiz hüquqi və psixoloji xidmətlər davam etdiriləcək. Bu xidmətlər vasitəsilə qadınlar hüquqi istiqamətdə problemlərini həll etmək üçün sənədlərini ödənişsiz olaraq hazırlanmasına dəstək göstəriləcək və onlar psixoloji dəstəyi ödənişsiz olaraq alacaqlar. Bu da onların həyat keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar hesab ediləcək.
Gülqədəm Mirzəzadə: “Təşkilatımız tərəfindən icra olunan layihələr və təşəbbüslər qadınların həyatında real dəyişikliklər yaratmaq və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədini daşıyır. Biz, həmçinin qadınların hüquqlarının qorunmasına xüsusi önəm veririk və onlara hər zaman dəstək göstəririk”.
Qeyd edək ki, İctimai birlik, bu cür sosial təşəbbüslərlə Neftçalada qadınların və ailələrin rifahını yaxşılaşdırmağı, onların cəmiyyətə fəal şəkildə qatılmalarına şərait yaratmağı hədəfləyir.
Pərvanə Fərhadqızı
QHT.az










