Bu gün SKY PARK əyləncə mərkəzində  Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi və "Ümid Ağacı" loqopedik tədris mərkəzinin eşitmə məhdudiyyətli uşaqları üçün 1 iyun Beynəlxalq Uşaqlar günü ilə bağlı tədbir təşkil edilib. 

İctimai Birliyin sədri Cəmilə Abdulova QHT.az-a bildirib ki, SKY PARK əyləncə mərkəzi artıq 3 ildir ki, təşkilatın eşitmə məhdudiyyəti olan uşaqlarını sevindirir, bu dəfə də ənənəyə sadiq qalaraq, SKY PARK, əlli eşitmə məhdudiyyətli uşağın əyləncəsinə dəstək göstərdi: "Uşaqlar bir arada əylənərək sevindilər. Uşaqlar günü Milla şirkəti də uşaqlarımıza xüsusi həssaslıqla yanaşdı. Şirkət uşaqlarımıza öz məhsullarından hədiyyələr  təqdim etdi. Əyləncədən sonra uşaqlarla bərabər valideyinlərə də çay süfrəsi  təşkil etdik. Dəstək olan hər bir kəsə təşəkkür edirik". 

QHT sədri qeyd edib ki, övladında hər hansısa bir məhdudiyyəti olan valideyinlər çox həssas olur, bəzən uşaqlarını cəmiyyətdən uzaqlaşdırır: "Lakin bu cür övladları olan valideyinlər bir araya gələndə özlərini çox yaxşı hiss edir və deyərdim ki, bir birlərindən motivasiya alırlar. Valideyinlər düzgün maariflənmiş, pozitiv,  güclü olarsa problemlərin həllinə düzgün yol tapar. Cəmiyyətə gözəl övlad qazandıra bilərlər. Məhdudiyyət uğurlu insan olmaq üçün əngəl deyil. Yetər ki, valideyinlər çox və düzgün maariflənsin. Uşaqlar günü əslində ilk öncə valideyinlər sevinməlidir çünki, Allah onları valideyinlik zirvəsinə ucaldıb. Ailənin ən böyük sevinci də uşaqdır.  Ən birinci uşaqların hüquqları da məhz ailədə qorunmalıdır. Uşaqlar ailənin də, dövlətin də ən böyük sərvətidir".

Cəmilə Abdulova sonda uşaqların bayramını da təbrik edib: "Bayramınız mübarək əziz balalar. Aydın səma altında hər zaman xoşbəxt yaşayın".