Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi davam edir.
Layihə çərçivəsində qerbiazerbaycanirsi.az platforması yenilənib.
Bu barədə təşkilatın sədri Cəsarət Hüseynzadə məlumat verib. Sədrin sözlərinə görə, Qərbi Azərbaycan ərazisindəki tarixi abidələr – məscidlər, qalalar, körpülər, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq nümunələri uzun illər ərzində sistemli şəkildə dağıdılıb, yer üzündən silinib və ya saxtalaşdırılaraq erməni abidələri kimi təqdim olunub.
Bu səbəbdən həmin abidələrə dair məlumatların toplanaraq vahid elektron bazada təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.
Layihə çərçivəsində təqdim edilən yenilənmiş qerbiazerbaycanirsi.az (www.westernazheritage.com) platforması Qərbi Azərbaycanın maddi-mədəni irsini əks etdirən interaktiv elektron bazadır. Hüseynzadə qeyd edib ki, ötən il yaradılan bu platforma 2025-ci ildə daha da təkmilləşdirilib — dizayn yenilənib, axtarış və filtr sistemləri genişləndirilib, məlumat bazası isə əhəmiyyətli dərəcədə zənginləşdirilib.
Əgər 2024-cü ildə bazada 200-dən çox abidə haqqında məlumat yerləşdirilmişdisə, 2025-ci ildə daha 250 abidə barədə məlumat əlavə edilib. Beləliklə, hazırda elektron bazada 500-ə yaxın abidə haqqında məlumat toplanıb.
Platforma istifadəçilərə Qərbi Azərbaycanın 21 abidə növü (məscid, qala, karvansara, körpü, qəbiristanlıq və s.) və tarixi mahal bölgüləri üzrə axtarış və filtr imkanları təqdim edir. Bütün məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur ki, bu da beynəlxalq auditoriyaya çıxışı asanlaşdırır.






