Qəhvənin ürək-damar sağlamlığına təsiri ilə bağlı müzakirələr davam edir. Kardioloq Akın Torunun sözlərinə görə, aparılan araşdırmalar ölçülü qəhvə istehlakının bəzi ürək-damar xəstəliklərinin riskinin azalması ilə əlaqəli olduğunu göstərir.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssis bildirib ki, sağlam yetkin insanlar üçün gündə 2-3 fincan qəhvə istehlakı, bir qayda olaraq, məqbul hesab olunur. Bununla belə, qəhvənin hazırlanma üsulu, tərkibinə əlavə edilən şəkər və qaymaq, eləcə də insanın kofeinə həssaslığı və qan təzyiqi nəzərə alınmalıdır.
Qəhvənin miqdarı önəmlidir
Akın Torun qeyd edib ki, qəhvənin ürəyə zərərli olması ilə bağlı əvvəlki yanaşmalar müasir elmi məlumatlar əsasında yenidən qiymətləndirilməlidir. Onun sözlərinə görə, sağlam yetkinlər üçün gündəlik təxminən 400 milliqram kofein ümumilikdə təhlükəsiz hesab edilən yuxarı hədlərdən biridir.
Bununla yanaşı, kofeinə həssas olan, yüksək qan təzyiqindən əziyyət çəkən və yuxu problemi yaşayan şəxslər qəhvə istehlakına xüsusi diqqət yetirməlidirlər.
Qəhvənin tərkibində antioksidantlar var
Kardioloq vurğulayıb ki, qəhvə yalnız kofein mənbəyi deyil. Onun tərkibində sağlamlıq üçün əhəmiyyətli ola biləcək antioksidant xüsusiyyətli təbii birləşmələr də mövcuddur.
Torunun sözlərinə görə, uzun illər ərzində aparılan araşdırmalarda ölçülü qəhvə istehlakı bəzi ürək-damar xəstəlikləri və ürək çatışmazlığı riskinin aşağı olması ilə əlaqələndirilib.
Mütəxəssis qəhvəni tamamilə qadağan etmək əvəzinə, onun miqdarına və istehlak qaydasına diqqət yetirməyin vacibliyini qeyd edib.












