40 yaşdan əvvəl başlayan və 3 aydan çox davam edən bel və kürək ağrıları ankilozan spondilit xəstəliyinin əlaməti ola bilər.
Türkiyənin Bilecik Təhsil və Araşdırma Xəstəxanasının Fiziki Tibb və Reabilitasiya üzrə mütəxəssisi, doktor Kutay Can Çamlıca xüsusilə gənclərdə rast gəlinən bu xəstəliklə bağlı xəbərdarlıq edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, onurğa və çanaq ətrafındakı oynaqları zədələyən ankilozan spondilit vaxtında aşkarlanmadıqda və düzgün müalicə olunmadıqda hərəkət məhdudiyyətinə səbəb ola bilər.
HANSI ƏLAMƏTLƏRƏ DİQQƏT YETİRİLMƏLİDİR?
Çamlıca bildirib ki, xüsusilə 40 yaşdan əvvəl başlayan və üç aydan çox davam edən bel və kürək ağrıları diqqətdən kənarda qalmamalıdır.
Xəstəliyin əsas əlamətləri arasında istirahət zamanı keçməyən, hərəkət etdikdə azalan bel və kürək ağrıları, səhərlər 30 dəqiqədən çox davam edən sərtlik, gecə yuxudan oyadan ağrılar, omba və daban nahiyəsində ağrı, eləcə də digər oynaqlarda ağrı və şişkinlik yer alır.
Mütəxəssis qeyd edib ki, bu əlamətlər başqa xəstəliklər zamanı da müşahidə oluna bilər. Buna görə də dəqiq diaqnoz yalnız həkim müayinəsi əsasında qoyulmalıdır.
Çamlıca erkən diaqnozun və vaxtında müalicənin xəstəliyin yaratdığı fəsadların qarşısının alınmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.












