"Son günlər ölkəmizdə vahid məktəb forması ilə bağlı müxtəlif fikir ayrılıqlarının yaşandığının şahidi oluruq. Təbiidir ki, hər bir cəmiyyətdə müəyyən məsələlər ətrafında fərqli yanaşmaların və müzakirələrin olması normal bir haldır".

QHT.az xəbər verir ki, bu fikirləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov bildirib.

Ayaz Hüseynovun sözlərinə görə, məktəblərə qarşı törədilən təxribat xarakterli əməllər qəbuledilməzdir:

Lakin son zamanlar şahid olduğumuz bəzi xoşagəlməz və təxribat xarakterli əməllər – məktəb qapılarının, pəncərə və şüşələrinin sındırılması, təhsil müəssisələrinə od vurulmasına cəhdlər, hətta məktəb direktorunun avtomobilinin yandırılması kimi acınacaqlı hallar tamamilə yolverilməzdir.

A.Hüseynov bildirib ki, bu cür qanunsuz əməllər hüquqi və mənəvi baxımdan pislənilməlidir:

Baş verən bu qanunsuzluqlar həm hüquqi, həm də mənəvi-dini baxımdan qətiyyətlə pislənilməlidir:

Sədr vurğulayıb ki, təhsil müəssisələrinə və dövlət əmlakına zərər vurulması uşaqların təhlükəsizliyini də təhdid edir:

Məktəblərimizin hədəf alınması, dövlət əmlakına zərər vurulması ağır bir cinayətdir. Ortada ən dəyərli varlığımız olan uşaqlarımız və onların təhlükəsizliyi durur.

Ayaz Hüseynov qeyd edib ki, baş verən hadisələrdən ölkədə sabitliyi pozmaq istəyən qüvvələr yararlanmağa çalışır:

Açıq-aşkar görünür ki, bu məsələlərdən yararlanmağa çalışan, sabitliyi pozmaq istəyən müəyyən xarici qüvvələr və onların nümayəndələri var.

Sədr vətəndaşları təxribatlara qarşı diqqətli olmağa çağırıb:

Bu baxımdan, bütün vətəndaşlarımızı xaricdən idarə olunan təxribatlara uymamağa, təmkinli davranmağa dəvət edirəm.

A.Hüseynov yaranmış çətinliklərin aradan qaldırılacağına və qanun-qaydanın bərpa olunacağına inandığını bildirib:

Aidiyyəti dövlət qurumlarının bu kimi halların qarşısının alınması və qayda-qanunun bərpa olunması istiqamətində lazımi addımları atdığına, yaxın zamanda bütün anlaşılmazlıqların və çətinliklərin aradan qaldırılacağına əminəm.