10 Oktyabr 2024-cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi tərəfindən “Gənclik narkomaniyaya qarşı” adlı layihə çərçivəsində gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə Atıcılıq üzrə Qazax rayon turniri keçirilib.

QHT.az xəbər verir ki, turnir başlamazdan əvvəl, Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olan bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqqında iştirakçılara ətraflı məlumat verib.

Daha sonra ardıcıllıqla çıxış edənlər Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdiri müavini, dini qurumlarla işin təşkilatçısı Rüstəmov Ceyhun, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətçisi İbrahimov Anar, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional rəhbəri Elmar Rzalı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Qazax rayonu üzrə sədri Balayev Xasay və Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı Orxan Əliyev turnir iştirakçılarına uğurlar arzulayıblar və gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırıblar. Layihənin rəhbəri Azər Əliyev turniri açıq elan edib və iştirakçılar Dövlət himnini ifa ediblər.

Mütəxəssislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra atıcılıq yarışına start verilib. Turnirdə 25 komandanın 100-dən çox yeniyetmə və gənci qeydiyyatdan keçib. Turnir gərgin idman mübarizəsi şəklində davam edib və iki (fərdi və komanda) kateqoriya üzrə qaliblər müəyyən olunub.

Kateqoriyalar üzrə fərqlənən gənclər və onların nəticələri aşağıdakı kimidir:

Fərdi kateqoriya:

  • I yer – Əliyev Nurlan (26 xal)
  • II yer – Abdurahmanov Kənan (25.5 xal)
  • III yer – Əliyev Mədəd (25 xal)
  • III yer – Osmanova Səma (25 xal)

Komanda üzrə:

  • I yer – Daş Salahlı 2 saylı məktəb komandası (65 xal)
  • II yer – BDU-nin Qazax filialı (54 xal)
  • III yer – Aşağı Salahlı kənd komandası (47 xal)

Qaliblər medal və diplomlarla mükafatlandırılıblar. Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak ediblər. Turnir sonunda iştirakçılar belə tədbirlərin tez-tez keçirilməsini arzulayıblar.