Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin Menecment ixtisasının tələbələri üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində master-klass təşkil olunub.

QHT.az xəbər verir ki, tədbir İqtisadiyyat fakültəsinin müəllimi Rəşad Məmmədov tərəfindən təşkil olunub və Universitetin əməkdaşı Aytac Cavadova qonaq spiker kimi iştirak edib. Master-klasda Azərbaycanda ekoloji vəziyyət, COP29 tədbiri, onun mahiyyəti, keçirilmə səbəbi və iqlim dəyişikliyinin həlli yollarına verilə biləcək töhfələr tələbə və müəllimlər tərəfindən ətraflı müzakirə edilib. Dərs müddətində tələbələri maraqlandıran ekoloji məsələlər və iqtisadi yanaşmalar müzakirə edilərək, bu istiqamətdə aktual problemlərə toxunulub. Tələbələr, ekoloji problemlərin iqtisadi təsirlərini anlayaraq, iqlim dəyişikliyi ilə mübarizə yollarını öyrəniblər.

Bu master-klass, tələbələrə ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinin idarə olunması sahəsində dərin biliklər qazandırmağı məqsəd qoyub.