Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində bir çox məsələlərə toxunub, o cümlədən ölkə başçısı çıxışında vətəndaş cəmiyyəti institutu ilə bağlı da olduqca maraqlı və vacib fikirlər səsləndirib.

Prezidentin çıxışından sitat: “Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz. Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin  yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir”.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib ki, prezidentin andiçmə mərasimi zamanı müxtəlif sahələrlə birlikdə vətəndaş cəmiyyətinə də yer ayırması sevindirici haldır:

“Əslində, ölkə başçısının nitqi əsasən dövlətin strateji xəttinə, beynəlxalq münasibətlərə, ölkənin sosial sistemi ilə bağlı olan məsələlərə həsr olunmuşdu. Vətəndaş cəmiyyətinə də bu məqamda diqqət ayırmağı xoş oldu. Cənab prezident çıxışında vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı addımların atılacağını qeyd etdi. Bu da onu göstərir ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Cəmiyyət üçün yeni imkanların yaradılması istiqamətində müəyyən işlər görülməsi etimal olunur. Hesab edirəm ki, burada cənab prezident həm də vətəndaş həmrəyliyinin yaradılmasında, dövlət siyasətinin həyata keçirilməsində maraqlıdır və vətəndaş cəmiyyətinə də xüsusi diqqət ayıracaq”.

 

C.Hüseynzadə bu vaxta kimi prezident İlham Əliyevin müxtəlif çıxışlarında vətəndaş cəmiyyəti ilə bağlı xüsusi qeydlərininin şahidi olduğunu bildirib:

“Cənab prezident hər zaman Azərbaycan QHT-lərinin fəaliyyətini yüksək qiymətləndirib. 2022-ci ilin dekbarından 2023-cü ilin aprel ayına kimi Şuşa-Xankəndi yolunda QHT-lərin, eko-aktivistlərin fəallığı, aksiyaları da zaman-zaman prezident tərəfinfən təqdir olunub. Cənab prezident bütün çıxışlarında, müsahibələrində, nitqlərində vətəndaş cəmiyyətinə xüsusi yer ayırır. Bu da onu göstərir ki, Azərbaycan dövləti tərəfindən vətəndaş cəmiyyəti hər zaman diqqətdədir və mövcud reallıqları, şəraiti nəzərə alaraq dövlət tərəfindən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı adekvat addımlar atılır. İnanıram ki, ölkəmizin qarşısında duran hədəfləri nəzərə alaraq, vətəndaş cəmiyyəti bu çağırışlara adekvat cavab verəcək”.

Zaira Akifqızı
Globalinfo.az