“Statistikalardan biri də ondan ibarətdir ki, uşaqlar atanın yanında saxlanıldığı halda çox nadir hallarda atalar qarşı tərəfə aliment iddiası qaldırırlar. 10 işdən 2-sində rastlaşıram. Bu da prinsiplər olarsa baş verir. Məqsəd incitməkdir. Çünki kişilər aliment tələb etməkdə az maraqlıdırlar. Qadınların 99, 9 %-i aliment tələbi irəli sürür. Bu məsələ də ciddi formada araşdırılmalıdır”.
Bu fikirləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ruslan Mustafazadə QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, icra şöbələri, icra məmurları alimentin alınmasında daha çox maraq göstərirlər: "Çünki burada uşağın mənafeyi məsələsi var, hər bir halda alimenti ödəməli olan şəxs qanuni vasitələrlə buna məcbur edilir. Ona qarşı inzibatı protokol tərtib olunur, məhkəməyə çıxarılır, cərimə olunur, hətta inzibati həbs olunur, cinayət işi başlanılır, azadlıqdan məhrum edilir. Bugünkü gündə kifayət qədər şəxs var ki, alimenti ödəyə bilmədikləri təqdirdə həbsdə, həbsxanadadırlar. Qanunvericiliyimiz bu hissədə demək olar ki, mükəmməldir. Bəzi halları nəzərə almasaq, yəni tərəflər arasında qanunvericilikdə qeyri- bərabərlik müəyyən edilmir, amma praktika eynidir”.
Boşanmaların sayının azaldırması ilə bağlı Ruslan Mustafazadə təklif edir ki, maarifləndirmə məsələsi ciddi məsələdir. Onun fikrincə dəfələrlə gündəmə gələn məsələlərdən biri də ailələrin qurulmasında, davam etdirilməsində dövlət dəstəyinin mütləq olmasıdır. Uşaq pullarının verilməsi məsələsinə də toxunan vəkil düşünür ki, bunun dövlət tərəfindən verilməsi ailələrin qorunub saxlanılasında çox ciddi dəstək verə bilər: “Təbii dövlət tərəfindən aztəminatlı ailələrə müəyyən ünvanlı sosial yardımlar həyata keçirilir. Bu hissədə də problemlər var. Çünki dəfələrlə müraciətlər olunur ki, əslində ünvanlı sosial yardıma ehtiyacı olan ailələr var. Müəyyən səbəblərdən, sənədlərin çatışmamazlığından, şərtlərə, onlardan asılı olmayan yaranmış şəraitə görə ünvanlı sosial yardım ala bilmirlər. Belə ailələrin gələcəkdə dağılma ehtimalı kifayət qədərdir”.
Pərvanə Fərhadqızı










