Dekabrın 21-də “Prezident İlham Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda tədbir keçirilib.
QHT. az AZƏRTAC-a istinadən xəbər verir ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin, “Zirvə” İslahatlara Dəstək İctimai Birliyinin və Osmanlı Turan Təşkilatının Azərbaycan üzrə təmsilçiliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
“Zirvə” İslahatlara Dəstək İctimai Birliyinin sədri Elçin Axundzadə ölkəmizin tarixi günlər yaşadığını qeyd edib. Bildirib ki, Azərbaycan 2020-ci ildən indiyədək çox möhtəşəm uğurlara imza atıb, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub.
“Zəfərimizdən sonra xalqımız və dövlətimiz öz bayramlarını xüsusi təntənə il qeyd edir. Qazanılan uğurlar, ölkəmizin dünyada nüfuzunun artması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bütün dünya azərbaycanlıları dövlətimizin başçısı İlham Əliyevin siyasətini dəstəkləyir və hər zaman ətrafında sıx birləşiblər”, - deyə QHT rəhbəri bildirib.
Milli Məclisin deputatı Azər Badamov bu il Ulu Öndərin 100 illik yubileyinin təntənəli şəkildə keçirildiyini qeyd edib. Deputat Ulu Öndərin tarix yaradan şəxsiyyət olduğunu vurğulayıb. Bildirib ki, azərbaycançılıq ideyasının müəllifi olan Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində bənzəri olmayan işlər görüb.
Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıq yaratdığını qeyd edən Azər Badamov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb.
Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışıblar, misilsiz xidmətlərini qeyd ediblər. Onlar Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar, yeni ildə keçiriləcək prezident seçkilərinin dövlətimiz, xalqımız üçün uğur gətirəcəyindən əminliklərini ifadə ediblər.












