Koronavirusa qarşı məcburi peyvənd haqqında qanun fevralın 5-i şənbə günü qüvvəyə minib.
QHT.az xarici mətbuada istinadn xəbər verir ki, Avstriyada COVID-19-a qarşı məcburi peyvənd haqqında qanun qüvvəyə minib.
Avstriyada koronavirusa qarşı məcburi peyvənd haqqında qanun fevralın 5-i şənbə günü qüvvəyə minib. Parlamentin təsdiq etdiyi müvafiq qanunu bir gün əvvəl respublika prezidenti və kansler imzaladılar. Tibbi sübut olmadan koronavirusa qarşı peyvənddən imtina edənlər üçün qanun böyük pul cərimələri nəzərdə tutur.
Fevralın 15-də Avstriyanın bütün peyvənd olunmamış sakinləri COVID-19-a qarşı peyvənd olunmağa təşviq edən məktublar alacaqlar. Bundan sonra bir ay ərzində peyvənd olunmayanları böyük cərimə gözləyir.
18 yaşdan yuxarı hər kəsi əhatə edir
Peyvənd öhdəliyinə yaşı 18-dən az olan, hamilə, tibbi cəhətdən əlverişsiz olan və peyvənd olunmaq imkanı olmayan şəxslər və bu xəstəliyi keçirmiş şəxslər daxil edilmir.
Mübahisəli tənzimləmə mərhələli şəkildə həyata keçiriləcək. Müvafiq olaraq, vətəndaşlar martın 15-dək məlumatlandırılacaq və martın 16-dan etibarən həm fiziki, həm də rəqəmsal mühitlərdə nəzarətlər başlayacaq.
.
Peyvənd olunmayanlar 600 avrodan 3600 avroya qədər cərimələnə bilər. Cərimələr təhlükəsizlik qüvvələri tərəfindən kəsilməyəcək, cəzalara məhkəmələr qərar verəcək.
Peyvənd nəzarətində etibarlı peyvənd şəhadətnaməsi olmayan və xəbərdarlıqlara baxmayaraq peyvəndi olmayanlar barəsində regional məhkəmələr tərəfindən hüquqi proses başlanacaq. Cərimələr sözügedən məhkəmələrin qərarları əsasında müəyyən ediləcək.
Beləliklə, Avstriya Avropada peyvənd tələbini həyata keçirən ilk ölkə oldu.
Avropada İngiltərə və Danimarka kimi ölkələr COVID-19 ilə bağlı tədbirləri tamamilə aradan qaldırsa da, Avstriyanın bu qərarı müzakirələrə səbəb olub.
Avstriya əhalisi arasında koronavirusa qarşı məcburi ümummilli peyvəndin tətbiqinə münasibət ziddiyyətlidir. Bu tədbirin tərəfdarları bu yolla cəmiyyətlə həmrəy olduqlarını bildirirlər. Bu arada, koronavirusa qarşı məcburi peyvəndin əleyhinə olan on minlərlə insan son bir neçə həftə ərzində müntəzəm olaraq etiraz aksiyaları ilə ölkənin şəhərlərində küçələrə çıxır.
Mütəxəssislər martın ortalarına qədər, yəni ilk cərimələr verilməyə başlayana qədər 9 milyon əhalisi olan Avstriyanın bir milyona yaxın sakininin hələ də koronavirusa qarşı peyvənd olunmayacağını gözləyirlər. “Berliner Morgenpost” qəzetinin yazdığına görə, Avstriya hökuməti vətəndaşların peyvənd olunmaqdan və cərimələri ödəməkdən imtina etməsi ilə əlaqədar müxtəlif instansiya məhkəmələrinin 133 minə yaxın işə baxmalı olacağını gözləyir. Bu, federal büdcəyə 112,5 milyon avroya başa gələ bilər.
Avstriyada koronavirusla bağlı vəziyyət
Avstriyada 6,74 milyon nəfər COVID-19-a qarşı tam peyvənd olunub. Bu, ölkə əhalisinin 75,5 faizini təşkil edir. Dünyada koronavirusun yayılması ilə bağlı statistik məlumatları dərc edən Worlometer portalının məlumatına görə, pandemiyanın başlanğıcından bəri Avstriyada 1 milyon 855 min 578 yoluxma halı aşkarlanıb. 1 535 587 xəstə sağalıb, 14 103 nəfər COVID-19 diaqnozu ilə dünyasını dəyişib
80 faiz iki dozalı peyvənd
Ölkədə yaşı 12-dən yuxarı olan şəxslərin iki doza peyvəndi olanların nisbəti 72,5 faiz təşkil edir.
Qüvvəyə minən peyvənd öhdəliyi qanunu 18 yaşdan yuxarı insanları əhatə edir. Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, 18 yaşdan yuxarı vətəndaşların 80 faizinə iki doza peyvənd vurulub.
Müvafiq olaraq, peyvənd etmə öhdəliyi peyvənd edilməli olan vətəndaşların yalnız 20 faizinə şamil ediləcək.
Avstriyada son 24 saatda 36 min 329 yeni yoluxma aşkar edilərkən, ümumi yoluxma sayı 1 milyon 995 min 346-ya yüksəlib. Virusdan həyatını itirənlərin sayı isə yüzdə 25 artaraq 14 min 192-yə çatıb.












