Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatları üçün ilk dəfə elan edilmiş birgə qrant müsabiqəsinə ümumilikdə 21 layihə müraciəti təqdim olunub.

QHT.az bu barədə Özbəkistan mənbəsinə istinadən məlumat verir.

Müsabiqənin şərtlərinə əsasən, layihələr yalnız koalisiya formasında təqdim olunub. Hər koalisiyanın tərkibinə Özbəkistanda qeydiyyatdan keçmiş azı bir yerli QHT və Azərbaycanda qeydiyyatdan keçmiş azı bir QHT daxil edilməlidir. Hər bir QHT isə yalnız bir koalisiyada iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan layihələr Özbəkistanda 2026-cı ilin “Məhəllələrin inkişafı və cəmiyyətin yüksəlişi ili”, Azərbaycanda isə “Memarlıq və şəhərsalma ili” elan edilməsi ilə bağlı istiqamətləri əhatə edir.

Layihə təklifləri ekspertlər tərəfindən qiymətləndirildikdən sonra müsabiqənin qalibləri müəyyənləşdirilərək ictimaiyyətə açıqlanacaq.