Böyük Britaniyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) hökuməti beynəlxalq inkişaf sahəsində daha iddialı siyasət yürütməyə və rəsmi inkişaf yardımını qorumağa çağırıblar. QHT nümayəndələri hesab edirlər ki, özəl investisiyalar mühüm rol oynasa da, onlar dövlətin inkişaf yardımlarını əvəz edə bilməz.
QHT.az xarici mediaya istinadən bildirir ki, QHT-lər bildiriblər ki, humanitar böhranların aradan qaldırılması, yoxsulluğun azaldılması və iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizə üçün dövlət maliyyələşməsi davamlı şəkildə saxlanılmalıdır. Onların fikrincə, beynəlxalq inkişaf siyasəti yerli icmaların ehtiyaclarına əsaslanmalı, insan hüquqları, hesabatlılıq və bərabər tərəfdaşlıq prinsipləri üzərində qurulmalıdır.
Təşkilatlar həmçinin Böyük Britaniyanın qarşıdakı beynəlxalq təşəbbüslərdə qlobal inkişaf, borc yükünün azaldılması və yoxsul ölkələrin maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində daha fəal mövqe tutmasının vacibliyini vurğulayıblar. Onların qənaətinə görə, beynəlxalq inkişaf sahəsində uzunmüddətli və ardıcıl siyasət qlobal sabitliyə, humanitar əməkdaşlığın genişlənməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verəcək.






