Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfiri Rəşad Məmmədov Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyini qəbul edib.

QHT. az xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfiri Rəşad Məmmədov Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeli, müavini, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovu və Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin üzvlərini qəbul edib.

Görüşdə səfir Rəşad Məmmədova Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti barədə məlumat verilib. Yakup Erikel, Nadir Adilov və çıxış edən heyət üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Türk Dünyası üçün gördüyü böyük işləri diqqətə çatdıraraq hər iki ölkə başçısının yürütdüyü siyasətə uyğun olaraq Türk Dünyası Mediatorlar Birliyinin ana xətti olduğunu qeyd ediblər.

Yakup Erikel qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi "Bizim bir ailəmiz var, o da Türk Dünyasıdır" sözü Birliyin şüarına çevrilib.

Səfir Rəşad Məmmədov qonaqları salamlayaraq, Azərbaycan Respublikasının səfirliyində görüşməkdən məmnun olduğunu və hər iki ölkənin strateji baxışlarını heyət iştirakçılarının diqqətinə çatdırıb və heyət iştirakçılarına tövsiyələrini verib.

Heyət üzvləri səmimi qəbul üçün səfirə təşəkkürlərini çatdırıblar.