Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin “International law and integration problems” jurnalında “Armenia’s international responsibility from the perspective of the Congo case” adlı məqaləsi dərc olunub.

QHT.az xəbər verir ki, məqalədə “Konqo Uqandaya qarşı” iş Ermənistanın Qarabağda və ətraf rayonlarda törətdiyi beynəlxalq hüquqazidd əməllər nəticəsində Azərbaycana vurduğu ziyana görə kompensasiya ödəməsi nöqteyi-nəzərindən təhlil edilir. Xüsusilə, dəymiş ziyanın növü, kompensasiyanın məbləği, tərəflərin təqdim etdikləri sübutlar, müxtəlif beynəlxalq və regional məhkəmələrin mövqeləri, “davam edən pozuntu” anlayışı və Ermənistanın dəymiş ziyanı ödəməsinin mümkün ssenariləri müzakirə olunur. Məqalədə, həmçinin, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən “res judicata” prinsipinin tətbiqi, işğalçı dövlətin insan hüquqları və humanitar hüququn pozulmasının qarşısının alınması üzrə öhdəlikləri, tərəflərin sübut təqdim etmək öhdəlikləri, pozuntuya görə kompensasiyanın məbləğinin müəyyən edilməsi, ətraf mühitə dəymiş ziyanın əhəmiyyəti və s. məsələlər də təhlil olunur.