Netflix məşhur kriminal komediya serialı “The Gentlemen”in ikinci mövsümünün ilk tammetrajlı treylerini təqdim edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Qay Riçinin eyniadlı filmindən ilhamlanan serialın yeni mövsümü 3 sentyabr 2026-cı ildə Netflix platformasında yayımlanacaq.
İkinci mövsümdə Teo Ceyms, Kaya Skodelario, Daniel İnqs, Rey Uinston, Coli Riçardson və Vinni Cons əvvəlki rollarına qayıdırlar. Yeni aktyor heyətinə isə Hyu Bonnevil və Maya Cama da qoşulub.
Yeni mövsümdə hadisələrin coğrafiyası da genişlənir. İlk mövsümdə əsasən Böyük Britaniyada cərəyan edən hekayə bu dəfə İtaliya sahillərinə qədər uzanır. Eddi və komandası İtaliyada gizli fəaliyyət göstərməyə çalışarkən yerli mafiya ilə qarşı-qarşıya gəlirlər.
Serialın baş qəhrəmanı Eddi Horniman atasından miras qalan əmlakda böyük qanunsuz biznes imperiyasının qurulduğunu öyrəndikdən sonra cinayət dünyasına daxil olur.
Qeyd edək ki, Netflix artıq “The Gentlemen”in üçüncü mövsümünü də rəsmi olaraq təsdiqləyib. Bu qərarın ikinci mövsüm yayımlanmadan əvvəl açıqlanması serialın gələcək hekayəsinə marağı daha da artırıb.












