Şərqi Afrikada qarşıdakı yağışlı mövsümdə güclü El-Nino hadisəsinin daşqınları daha da şiddətləndirə biləcəyi və ən pis ssenaridə ilin sonuna qədər 3 milyonadək insanın yaşayış yerini tərk edə biləcəyi proqnozlaşdırılır.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Danimarka Qaçqınlar Şurasının (DRC) 25 avqustda yayımladığı təhlilə görə, risk xüsusilə Somali, Keniya, Cənubi Sudan və Uqandada yüksəkdir. Təşkilat daşqınların evləri, dolanışıq vasitələrini və icma dəstək şəbəkələrini məhv edə biləcəyini bildirib.
Təhlildə üç fərqli ssenari nəzərdən keçirilib. Daha yüngül ssenaridə təxminən 750 min, ən ağır ssenaridə isə 3 milyon insanın daşqınlar səbəbindən məcburi köçkün vəziyyətinə düşə biləcəyi hesablanıb. Ən ağır ssenaridə mümkün köçlərin 60 faizinin Somalidə, 33 faizinin isə Keniyada baş verəcəyi proqnozlaşdırılır.
DRC bildirib ki, humanitar maliyyələşmənin böyük hissəsi daşqınlar baş verdikdən sonra ayrılır. Təşkilat böhran başlamazdan əvvəl erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsini, nağd yardımın və sığınacaq vasitələrinin əvvəlcədən hazırlanmasını təklif edib.
QHT-nin hesablamalarına əsasən, risklərə qabaqcadan hazırlaşmaq üçün 5 milyon dollar, sonrakı fövqəladə yardım tədbirləri üçün isə əlavə 10 milyon dollar maliyyəyə ehtiyac var.
Mütəxəssislər El-Nino hadisəsinin yalnız daşqın deyil, bəzi bölgələrdə quraqlıq, ərzaq çatışmazlığı və qiymət artımı kimi problemləri də gücləndirə biləcəyini bildirirlər.












