Dünya bazarında neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirlər göstərir. Bu proses bir tərəfdən dövlət gəlirlərini artırsa da, digər tərəfdən qiymət artımlarını və inflyasiya təzyiqlərini gücləndirir.

Mövzu ilə bağlı iqtisadçı ekspert İlqar Hüseynli QHT.az-a açıqlamasında neftin dünya bazarında bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini iki istiqamətdə dəyərləndirib.

Onun sözlərinə görə, 2026-cı il dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub və büdcənin gəlir-xərc planlaması da bu göstərici əsasında formalaşdırılıb. Büdcə gəlirlərinin təxminən 85 faizinin neft və neft məhsullarından formalaşdığını vurğulayan ekspert neftin bahalaşmasının dövlət gəlirlərinin artmasına müsbət təsir etdiyini bildirib.

"Dünya bazarında neft qiymətlərinin artması yalnız enerji sektoruna deyil, ümumilikdə qlobal ticarət zəncirinə də təsir göstərir. Xüsusilə Hörmüz boğazı kimi strateji bölgələrdə baş verən gərginliklər daşımaların bahalaşmasına səbəb olur ki, bu da bütün istehlak məhsullarının qiymətinə təsir edir.Çin kimi neft idxal edən ölkələrdə istehsal xərclərinin artması Azərbaycana idxal olunan sənaye və istehlak məhsullarının da bahalaşmasına gətirib çıxarır",- deyə o qeyd edib.

Manatın məzənnəsinə gəlincə, İlqar Hüseynli bildirib ki, neftin bahalaşması fonunda valyuta sabitliyi qısa və orta müddətdə qorunur. Onun sözlərinə görə, manatın məzənnəsi əsasən neft gəlirləri hesabına sabit saxlanılır və hazırkı şəraitdə ciddi dəyişiklik gözlənilmir. Lakin neft qiymətlərində kəskin ucuzlaşma olarsa, bu, 2014-cü ildə olduğu kimi valyuta risklərini yenidən gündəmə gətirə bilər.

Ekspert əlavə edib ki, neftin bahalaşması inflyasiya təzyiqini də artırır və bazarda məhsulların qiymətinə birbaşa təsir göstərir. Buna baxmayaraq, hazırkı proqnozlar manatın sabitliyinin yaxın perspektivdə davam edəcəyini göstərir.

Zəhra Ağayeva