Dünya bazarında Azərbaycan neftinin əsas markası olan “Azeri Light”ın qiymətində artım qeydə alınıb. Məlumata görə, neftin bir barelinin dəyəri 5,45 ABŞ dolları və ya 4,93% artaraq 115,93 ABŞ dolları təşkil edib.

İqtisadçı ekspert Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib ki, bu artım ümumilikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, neft gəlirlərinin artması ölkəyə daxil olan valyuta axınını yüksəldir və dövlətin maliyyə imkanlarını genişləndirir:

"Azeri Light” markalı neftin dünya bazarında bahalaşması Azərbaycan iqtisadiyyatına ümumilikdə müsbət təsir göstərə bilər. Neft gəlirlərinin artması ölkəyə daxil olan valyuta axınını yüksəldir və bu da dövlətin maliyyə imkanlarını genişləndirir. Xüsusilə neft ixracından əldə olunan əlavə gəlirlər büdcə gəlirlərinin artmasına, sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə əlavə imkan yaradır. Bu isə dövlət büdcəsinin icrasında daha rahat maliyyə manevrləri etməyə şərait yaradır. Eyni zamanda strateji valyuta ehtiyatlarının artması ölkənin xarici iqtisadi risklərə qarşı dayanıqlığını gücləndirə bilər”.

Akif Nəsirli əlavə edib ki, neft qiymətlərinin yüksəlməsi manatın məzənnəsinə də təsir göstərir:

“Enerji bazarındakı dəyişikliklər manatın məzənnəsinə də birbaşa təsir göstərir. Neft qiymətləri yüksəldikdə ölkəyə daha çox xarici valyuta daxil olur və bu, manatın sabitliyini dəstəkləyən əsas amillərdən biri hesab edilir”.

Bununla yanaşı, iqtisadçı ekspert uzunmüddətli iqtisadi dayanıqlılıq üçün qeyri-neft sektorunun inkişafının vacibliyini vurğulayıb:

“Qlobal enerji bazarında qiymət dəyişiklikləri hər zaman risk yaratdığı üçün iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi əsas prioritet olaraq qalmalıdır”.

Zəhra Ağayeva