Həddindən artıq duz istehlakının ürək sağlamlığına ciddi təsirləri ilə bağlı mütəxəssislər növbəti dəfə xəbərdarlıq ediblər. Gündəlik qəbul edilən duz miqdarının normadan artıq olması yüksək qan təzyiqi, infarkt və insult kimi həyati təhlükəli xəstəliklərə səbəb ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının kardiologiya mütəxəssisi Emrah Özdemir bildirib ki, bir çox insan gündəlik duz qəbulunun miqdarını fərq etmədən aşır. Onun sözlərinə görə, bu vəziyyət xüsusilə hipertoniyanın yaranmasında əsas amillərdən biridir.   Mütəxəssis qeyd edib ki, yüksək qan təzyiqi zamanla damar divarlarında zədələnməyə səbəb olur, bu isə ürəyə düşən yükü artıraraq infarkt, ürək çatışmazlığı və insult riskini yüksəldir.

Açıqlamada həmçinin vurğulanıb ki, duz istehlakı yalnız yeməyə əlavə edilən duzla məhdudlaşmır. Emal olunmuş məhsullar, fast food qidalar və qablaşdırılmış qəlyanaltılar yüksək miqdarda “gizli duz” ehtiva edir. Bu səbəbdən insanlar fərqinə varmadan normadan artıq duz qəbul edirlər.

World Health Organization (ÜST) gündəlik duz qəbulunun 5 qramdan çox olmamasını tövsiyə edir. Lakin bir çox ölkədə bu göstərici tövsiyə edilən həddi xeyli üstələyir.
Mütəxəssislər, xüsusilə, hipertoniyası olan şəxslərin, yaşlıların, böyrək xəstələrinin və ailəsində ürək-damar xəstəliyi olanların duz qəbuluna daha diqqətlə yanaşmalı olduqlarını bildirirlər.

Qeyd olunur ki, duz istehlakını azaltmaq üçün yeməyə dadmadan duz əlavə etməmək, qablaşdırılmış məhsulların etiketlərini oxumaq və gündəlik qidalanmada təbii məhsullara üstünlük vermək vacibdir. Erkən yaşlardan sağlam qidalanma vərdişlərinin formalaşdırılması isə gələcəkdə ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.

Piranə Xasiyeva