Azərbaycan neftinin dünya bazarında bahalaşması enerji və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. “Azeri Light” markalı neftin qiymətində qeydə alınan artım həm dövlət büdcəsi, həm də daxili bazarla bağlı mümkün təsirləri yenidən müzakirəyə çıxarıb.
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a müsahibəsində mövzu ilə bağlı suallarımızı cavablandırıb.
-Məlumdur ki, Azərbaycan neftinin dünya bazarında bahalaşması enerji və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. “Azeri Light” markalı neftin qiymətində qeydə alınan artım həm dövlət büdcəsi, həm də daxili bazarla bağlı mümkün təsirləri yenidən müzakirəyə çıxarıb. “Azeri Light” markalı Azərbaycan neftinin qiymətindəki artım Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?
Həqiqətən, dünyada baş verən son siyasi, hərbi və sosial-iqtisadi hadisələr dünya bazarında neftin qiymətinin gözlənilmədən bahalaşmasına səbəb oldu. Əlbəttə ki, dünyada çıxarılan xam neftin ən qiymətlisi “Azeri Light” markalı Azərbaycan neftidir. Ona görə də, neftin qiymətində hər hansı dəyişiklik bir mənalı olaraq “Azeri Light” markalı Azərbaycan neftinin də qiymətinə təsir edir və bu, ölkəmizin iqtisadi sahədə sürətlə inkişafın müsbət təsirini göstərir.
-Neftin bahalaşması dövlət büdcəsinə əlavə üstünlüklər yaradırmı?
Bəli, “Azeri Light” markalı Azərbycan neftinn də bahalaşması dövlət büdcəsinə təsirsiz ötüşməyə bilməz. Tədqiqatlar deməyə əsas verir ki, neftin qiymətində baş verən dəyişiklik neftin çıxarıldığı və neft ixrac edən ölkələrın dövlət büdcəsinə də müsbət təsir edir. Odur ki, neftin qiymətində baş verən müsbət artım dövlət büdcəsinə daxilolmalarda artıma səbəb olur ki, bunun nəticəsində də ölkəmizin iqtisadi sahədə inkişafı üçün zəruri olan infrastruktur layihələrin həyata keçirilməsinə, qeyri-neft sektorunun (turizmin, aqrar sənayenin və xalq təsərrüfatının digər sahələrinin) inkişafına da öz təsirini göstərir".
-Enerji bazarındakı dəyişikliklər manatın məzənnəsinə hər hansı təsir göstərə bilərmi?
Azərbaycan Respublikasında valyuta məzənnəsi ilə bağlı Mərkəzi Bankın Sabit Məzənnə siyasəti vardır. Odur ki, bir mənalı olaraq deyə bilərik ki, enerji bazarında qiymətlərdə baş verən bahalaşma və ya dəyişikliklər Azərbaycan manatının məzənnəsinə təsir etməyəcək.
Fatimə Nəbiyeva












