Narkomaniya, düzgün diaqnoz qoyulsa belə, mənbəyi tapılıb məhv edilməyən bir düşmən, sağalmayan bir xəstəlikdir. Bu bəla hər evə səssizcə sızır. Düşmənin kim olduğunu dəqiq biləndə onunla ölüm-dirim mübarizəsi aparır, bütün gücünü səfərbər edirsən. Amma narkomaniyaya düçar olmuş insan, hər an bunu nəzarətdə saxlayacağını, istədiyi zaman ondan azad ola biləcəyini düşünür. Nəhayət, anlayır ki, artıq bu zərərli maddənin əsirinə çevrilib, onun qulu olub.

İllərdir narkomaniya ilə mübarizə aparılsa da, hər il qurbanların sayı artır. Bu bəla ilə mübarizə iki istiqamətdə aparılmalıdır:

  1. Maarifləndirməni genişləndirmək;

  2. Cəzaları sərtləşdirmək.

Bundan əlavə, gənclər və yeniyetmələrlə işdə narkomaniyanın qurbanı olmuş şəxslərin də köməyi dəyərli ola bilər. Məktəblərdə hər ay bu mövzuda məlumatlandırıcı tədbirlər təşkil edilməli, disputlar keçirilməli, maarifləndirici filmlər nümayiş olunmalıdır. Ödənişsiz idman zalları fəaliyyət göstərməli və sağlam həyat tərzi mövzusunda geniş müzakirələr aparılmalıdır.

Bir dövləti məhv etmək üçün yeniyetmələri və gəncləri hədəf seçmək kifayətdir. Bu səbəbdən, narkomaniyaya qarşı mübarizə yalnız dövlətin deyil, hər birimizin prioriteti olmalıdır.

 

Zenfira Mustafayeva
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri