Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva QHT.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun missiyasının başa çatdığını və bu strukturun rəsmi şəkildə ləğv edilməli olduğunu vurğulayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyinə istinad edərək qeyd edib ki, Minsk qrupu münaqişənin həlli üçün yaradılmışdı, lakin faktiki olaraq işğalın davam etməsinə xidmət edib:
“ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik.”
Xatirə Vəliyeva bildirib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu həyata keçirib və münaqişəni həll edib. Buna görə də Minsk qrupunun fəaliyyəti tarixin arxivinə göndərilməlidir:
“Münaqişə həll olunubsa, ATƏT-in Minsk qrupunun ‘qastrol’ səfərləri başa çatıb. Qarabağın suverenliyi və ərazi bütövlüyü tam bərpa edilibsə, özünü doğrultmayan bu mexanizm rəsmən ləğv olunmalıdır.”
O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın “erməniləri məzlum xalq kimi qələmə vermək” cəhdlərinin sülh prosesini ləngitdiyini bildirib.
“Paşinyan uydurma ‘soyqırım’ iddialarına sarılaraq, böyük dövlətlərin vasitəsilə daha çox hərbi yardım almağa çalışır və regionda münaqişə illüziyasını qoruyub saxlamağa cəhd edir. Bu isə sülh sazişinin imzalanması imkanlarını əngəlləyir.”
Sonda Xatirə Vəliyeva Minsk qrupunun və digər lazımsız strukturların tamamilə ləğv edilməsinin vacibliyini vurğulayıb.
Pərvanə Fərhadqızı






