ABŞ Dövlət Departamentinin xarici yardım proqramlarının idarə edilməsini regional bürolara və yardım mərkəzlərinə həvalə etmək planında ciddi problemlər müəyyən edilib. Bu yanaşmanın daha səmərəli qərarların qəbuluna imkan yaradacağı bildirilsə də, planın icrasında təşkilati çatışmazlıqlar üzə çıxıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dövlət Departamentinin Baş Müfəttiş Ofisinin bu həftə yayımladığı hesabatda məsuliyyət bölgüsünün qeyri-müəyyən olması, zəif kommunikasiya və planlaşdırma problemlərinin proqramlara nəzarəti çətinləşdirdiyi qeyd olunub.
Donald Tramp administrasiyasının planı ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) təhvil alınan xarici yardım proqramlarının regional strukturlar tərəfindən idarə edilməsini nəzərdə tutur.
ABŞ dövlət katibi Marko Rubio regional rəsmilərin qərarvermə prosesində rolunun artırılmasını dəstəkləyir. O, Konqresdəki çıxışlarında bu addımın xarici yardım proqramlarını ABŞ-nin xarici siyasət prioritetləri ilə daha yaxşı uzlaşdıracağını və nəticələri yaxşılaşdıracağını bildirib.
Hesabatda vurğulanıb ki, regional strukturların səlahiyyətlərinin artırılması ilə yanaşı, aydın məsuliyyət bölgüsü, effektiv kommunikasiya və güclü nəzarət mexanizmlərinin yaradılması da vacibdir.












