Müyəssər ətraf mühitin yaradılması əlilliyi olan şəxslərin müstəqilliyinin təmin olunmasının əsas şərtlərindən biridir. Bu zaman bütün kateqoriyaya aid əlilliyi olan şəxslərin nəzərə alınması və onların hər birinə aid qaydalara riayət olunması bu şəxslərin sərbəst hərəkətinin təmin olunmasına şərait yaradır.
Bunu nəzərə alan Əlil Təşkilatları İttifaqı “Universal dizayn” Əlillik Adaptasiya Avadanlıqları Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birlikdə Lənkəran şəhərində ətraf mühitin əlilliyi olan şəxslər üçün əlçatanlığına dəstək üçün Lənkəran Regional Mədəniyyət Mərkəzində uyğunlaşdırma işləri aparıb. Aparılan işlər layihə çərçivəsində təlim keçmiş müyəssərlik mütəxəssisləri tərəfindən layihələndirilib.
İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin ərazisində və içərisində görmə və hərəkət məhdudiyyəti olanlar üçün kompleks müyəssərlik işləri həyata keçirilib. Mərkəzin ərazisinə giriş qapısı yenilənib, ərazidə olan pilləkən təkərli kürsünün hərəkəti üçün müvafiq vəziyyətə gətirilib, əlilliyi olan şəxslər üçün avtomobillərin saxlanma yeri nişanlanıb, əraziyə giriş qapısından binaya giriş qapısına kimi 73 metr uzunluğunda görmə əlilliyi olanlar üçün taktil plitə döşənilib. Görülən işlərin nəticəsində əlilliyi olan şəxslər sərbəst şəkildə mərkəzin fəaliyyətindən bəhrələnə və model kimi istifadə edə bilərlər.
Qeyd edək ki, bu tədbir Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan və digər hərəkət məhdudiyyəti olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində həyata keçirilib.












