Elektron siqaretlərin “zərərsiz alternativ” kimi qəbul edilməsi reallığı əks etdirmir. Mütəxəssislər bildirirlər ki, bu məhsulların tərkibindəki nikotin və digər kimyəvi maddələr diş əti toxumalarına zərər verə, ağızdakı bakteriya balansını poza və nəticədə periodontal xəstəliklərə, hətta diş itkisinə səbəb ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu barədə Biruni Universiteti Stomatologiya Fakültəsinin Periodontologiya kafedrasının müdiri, professor Burcu Karaduman universitetin yaydığı açıqlamada danışıb.

Professorun sözlərinə görə, elektron siqaretlər xüsusi mayelərin qızdırılması nəticəsində yaranan aerozollar vasitəsilə ağız boşluğuna təsir göstərir. Bu aerozolların tərkibində nikotin və digər kimyəvi maddələr olduğundan, onların diş əti toxumalarına zərər vermə riski mövcuddur.

“Elektron siqaretlər tüstü yaratmasa da, bu, onların diş ətlərinə zərər vermədiyi anlamına gəlmir. Araşdırmalar göstərir ki, elektron siqaret istifadəçilərində diş əti ciblərinin dərinləşməsi, dişləri əhatə edən toxumalarda yapışma itkisi və çənə sümüyünün əriməsi kimi periodontal problemlər müşahidə oluna bilər. Bu təsirlər uzunmüddətli istifadə zamanı daha aydın şəkildə üzə çıxa bilər”, – deyə Burcu Karaduman bildirib.

Mütəxəssis qeyd edib ki, bir çox istifadəçi elektron siqaretlərin yanma prosesi yaratmadığı üçün ağız və diş sağlamlığına zərər vermədiyini düşünür. Halbuki yaranan aerozol birbaşa ağız boşluğu ilə təmasda olur və tərkibindəki maddələr diş əti hüceyrələrinə, ağız mikrobiotasına və toxumaların sağalma qabiliyyətinə mənfi təsir göstərir.

Onun sözlərinə görə, aparılan tədqiqatlar elektron siqaret istifadəçilərində diş əti xəstəlikləri ilə əlaqəli bakteriyaların sayının artdığını göstərir. Bu isə diş ərpinin toplanmasını və iltihabi proseslərin inkişafını sürətləndirə bilər.

Professor Karaduman elektron siqaret istifadəsindən sonra ağız quruluğu, boğaz qıcıqlanması və ağızda xoşagəlməz dad kimi əlamətlərin yarana biləcəyini də diqqətə çatdırıb. O vurğulayıb ki, tüpürcək ağız boşluğunun qorunmasında mühüm rol oynayır – diş səthlərini təmizləyir, turşuluq səviyyəsini tənzimləyir və zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır.

Mütəxəssis diş əti xəstəliklərinin vaxtında müalicə olunmadığı halda onların dişləri saxlayan sümüyə qədər yayıla biləcəyini bildirib.

“Diş əti qanaması, qızartı, şişkinlik, ağız qoxusu, dişlərin daha uzun görünməsi, diş köklərində həssaslıq, dişlər arasında yeni boşluqların yaranması və dişlərin boşalması periodontal xəstəliyin əlamətləri ola bilər. Xəstəlik irəlilədikdə diş itkisi ilə nəticələnə bilər”, – deyə professor qeyd edib.

Burcu Karaduman ağız və diş sağlamlığının qorunması üçün elektron siqaret və digər tütün məhsullarından uzaq durmağı, dişlərin gündə iki dəfə düzgün texnika ilə fırçalanmasını, dişarası nahiyələrin müntəzəm təmizlənməsini və periodontal müayinələrin laqeyd edilməməsini tövsiyə edib.