Münhendə prezident İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşünün başlıca nəticəsi rəsmi Bakının irəli sürdüyü sülh gündəliyinin əsas prinsiplərinin bünövrə kimi nəzərdən keçirilməsinin təsdiqlənməsi oldu”.

 

QHT.az  bildirir ki,  Bu fikirləri Bakupost.az -a Münhen konfransında ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında baş tutan görüşü şərh edərkən politoloq Zaur İbrahimli deyib.

 

O bildirib ki, bu prinsiplər Azərbaycanın ərazi bütövlüyünün, beynəlxalq tanınmış sərhədləri daxilində suverenliyinin qeyd-şərtsiz tanınması, Qarabağ bölgəsinin Azərbaycanın yurisdiksiyasından kənarda ola bilməyəcəyi, sərhədlərin demiltasiya və demarkasiya prosesindən əvvəl Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəyi barədə öhdəlik götürməsindən ibarətdir:

 

"Eyni zamanda kommunikasiyaların açılması ilə əlaqədar Ermənistana hər hansı üstünlük, əlahiddə hüquq verilməsinin yolverilməzliyini də vurğulamaq lazımdır. Həmçinin, Prezident İlham Əliyevin açıqlamaları göstərdi ki, rəsmi İrəvanın mövqeyində müsbət dəyişiklik müşahidə olunur. Güman etmək olar ki, bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması, ərazi iddialarının olmaması ilə bağlı erməni tərəfin öhdəlik götürməsi ilə əlaqədardır. Bununla belə prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın mövqeyindəki müsbət dəyişikliklər yetərli deyil. Ehtimal etmək olar ki, İrəvan yenə əvvəlki kimi sülh danışıqlarını regionda xarici ölkələrin müşahidəçilərinin yerləşdirilməsi, yaxud əlavə vasitəçilərin cəlb edilməsiylə şərtləndirməyə çalışır. Eləcə də sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədar əvvəlcədən şərtlər irəli sürür".

 

Politoloq deyib ki, rəsmi Bakının ölkəmizin Qarabağ bölgəsində yaşayan ermənilərlə vasitəçilərsiz müzakirələr aparılması yanaşmasının ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilməsi də önəmli məqamdır: "Bunu Prezident İlham Əliyev və Azərbaycan diplomatiyasının uğuru kimi qeyd etmək olar. Münhen danışıqlarının təhlili deməyə əsas verir ki, bu yanaşmanı qəbul etməklə Vaşinqton və ABŞ təhlükəslizlik məsələlərinin Qarabağ erməniləriylə müzakirəsini təklif edirlər. Onlarbu prosesdə vasitəçi kimi tövsiyələr verə biləcəklərini diqqətə çatdırırlar. Bu rəsmi Bakının yanaşmasına zidd deyil. Əvvəldən bu mövqe əsas götürülüb. ABŞ və Aİ-nin sülh danışıqlarında vasitəçilik səylərinə sadiq qalması da çox mühümdür və müsbət amil kimi qeyd edilməlidir. Onların moderatorluğu sülh danışıqlarına beynəlxalq dəstəyi gücləndirir və Rusiyanın vasitəçiliyinə alternativ müstəvi yaratmaqla Bakı və İrəvanın kommunikasiyasında yeni imkanlar açır. ABŞ-ın vasitəçilik prosesində fəallaşması və əsas tərəfdaş kimi Aİ ilə birgə hərəkət etməsi, Fransanın bu prosesdən kənarda qalmasını da rəsmi Bakının aktivinə yazmaq olar”.

 

Zaur İbrahimli qeyd edib ki, digər vacib məqam Laçın-Xankəndi yolunda ekofəalların keçirdikləri aksiya ilə əlaqədar ABŞ nümayəndə heyəti, yaxud Aİ rəhbərliyinin xüsusi açıqlama, yaxud bəyanat səsləndirməməsi oldu:

 

“Ermənilər bu məsələni az qala beynəlxalq gündəmin əsas hadisəsi kimi təqdim etməyə çalışırdılar. Lakin bu əks-effekt verdi və artıq bütün dünya qəbul edir ki, bu aksiyanın gerçək məqsədi Azərbaycanın separatçı təşəbbüslərin qarşısını almaq və öz təbii sərvətlərinə sahib çıxmaq üçün həyata keçirdiyi sivil etirazdır. Çox mühüm bir məsələ də Rusiyanın emissarı, sülh təşəbbüslərinə mane olmaq üçün xüsusi missiya ilə göndərilmiş cinayətkar Ruben Vardanyanla bağlı Azərbaycanın sərt mövqeyinin ABŞ və Aİ tərəfindən dəstəklənməsi oldu. Hətta İrəvan rəsmiləri də bu mövqeyə qarşı çıxmadılar”.

Politoloqun sözlərinə görə, sülh danışıqlarının perspektivi Ermənistan siyasi rəhbərliyinin qətiyyəti və siyasi iradəsindən asıldır:

 

"Çünki rəsmi Bakının mövqeyi iki ildir ki, eyni prinsiplərə söykənir. Bu istiqamətdə tez-tez mövqeyini dəyişən Ermənistandır. Beynəlxalq vasitəçilərin səyləri ilə İrəvan yenidən masaya qayıdır və Azərbaycanın gündəliyi əsasında danışıqlar bərpa olunur. Paşinyan komandası yenə öhdəliklərinə əməl etməyəcəksə, əvvəlki kimi müxtəlif təşəbbüslər irəli sürəcəksə, (məsələn, Fransanın danışıqlarda vasitəçi olması) onda yenə danışıqlar uzanacaq və hərbi əməliyyatların baş verməsi riski artacaq".

Əfsanə Rəcəb

BakuPost