“Dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır.
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir: "Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Pərvanə Fərhadqızı












