Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az- a olan açıqlamasında Nazirlər Kabinetinin QHT-lərin bir pəncərə prinsipi ilə maliyyələşdirilməsi qaydasını təsdiqləməsini vətəndaş cəmiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.
"Nəhayət ki, Azərbaycan vətəndaş cəmiyyətinin uzun müddətdir gözlədiyi qərar qəbul olundu. Nazirlər Kabineti QHT-lərin “vahid pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi qaydasını təsdiqlədi.
Əslində, indiyədək ayrı-ayrı nazirliklər, komitələr və digər dövlət qurumları müxtəlif istiqamətlər üzrə qrant müsabiqələri təşkil edirdilər. Lakin bu müsabiqələrin elanından sonra qərarların hansı prinsiplər əsasında qəbul edilməsi barədə ictimaiyyətə ətraflı məlumat verilmir, prosesin şəffaflığı ilə bağlı suallar yaranırdı. Hətta layihəsi qalib gəlməyən təşkilatlara da əksər hallarda hər hansı izahat təqdim olunmurdu. Sadəcə müəyyən müddət keçdikdən sonra qaliblər elan edilir, onların hansı meyarlar və kriteriyalar əsasında seçildiyi isə cəmiyyətdə ciddi suallar doğururdu.
Məhz bu sualların aradan qaldırılması məqsədilə dövlətin etimad göstərdiyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu prosesdə həlledici qurum kimi müəyyənləşdirilməsi olduqca mühüm hadisədir. Mən hesab edirəm ki, bu, eyni zamanda Agentliyə göstərilən etimadın ifadəsidir.
Məlum olduğu kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi şəffaf və dürüst idarəetmə prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin ən qabaqcıl dövlət qurumlarından biri kimi qiymətləndirilib. Bu baxımdan, digər dövlət qurumlarının elan etdiyi qrant müsabiqələrinin əsas koordinasiya yükünün məhz Agentliyə həvalə olunması dövlətin ona göstərdiyi yüksək etimadın göstəricisidir.
Bu istiqamətdə son qərarı verən qurumun QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası olması da mühüm əhəmiyyət daşıyır.
Mən düşünürəm ki, burada bir neçə əsas amil nəzərə alınıb. Birincisi, şəffaflığın və açıq idarəetmənin təmin olunmasıdır. İkincisi, dövlət büdcəsi vəsaitlərinin düzgün və səmərəli istifadəsidir. Üçüncüsü, qeyri-hökumət təşkilatları arasında etimad mühitinin möhkəmləndirilməsidir. Dördüncüsü isə QHT-lərin institusional inkişafına, peşəkar bacarıqlarının artırılmasına və dayanıqlılığının gücləndirilməsinə dəstək göstərilməsidir.
Nəhayət, Azərbaycan qeyri-hökumət təşkilatlarının öz fəaliyyətlərini davam etdirməsi, inkişaf etdirməsi və daha çevik maliyyələşmə imkanları əldə etməsi baxımından yeni mexanizmin tətbiqi mühüm əhəmiyyət daşıyır. Mən hesab edirəm ki, bu qərar QHT sektorunun bütün istiqamətlər üzrə inkişafına ciddi töhfə verəcək və vətəndaş cəmiyyətinin daha da güclənməsində mühüm rol oynayacaq".
Zəhra Ağayeva












