Beynəlxalq inkişaf sektorunda maliyyələşmə mənbələrinin dəyişməsi qeyri-hökumət təşkilatları üçün yeni imkanlar yaradır. Son dövrlərdə ənənəvi donor maliyyəsinin azalması fonunda filantropiya və özəl fondların qlobal inkişaf layihələrinə ayırdığı vəsaitlərdə artım müşahidə olunur. 

QHT.az xarici mediaya istinadən bildirir ki, xeyriyyə fondları və filantropik təşkilatlar humanitar yardım, təhsil, səhiyyə və iqlim dəyişikliyi ilə bağlı layihələrin maliyyələşdirilməsində daha fəal rol oynamağa başlayıblar. Bu tendensiya vətəndaş cəmiyyəti institutlarının yeni tərəfdaşlıqlar qurmasına və alternativ maliyyə mənbələrinə çıxışını genişləndirməsinə şərait yaradır. 

Bununla yanaşı, ekspertlər bildirirlər ki, artan rəqabət şəraitində QHT-lər donorların prioritetlərinə uyğun daha innovativ və dayanıqlı layihələr hazırlamalıdır. Özəl fondların maliyyələşdirmə siyasətində yerli təşəbbüslərə və icma əsaslı layihələrə marağın yüksəlməsi də diqqət çəkən məqamlardan biridir. 

Analitiklər hesab edirlər ki, yaxın illərdə filantropik maliyyənin qlobal inkişaf sektorunda rolu daha da artacaq və bu, QHT-lərin fəaliyyət strategiyalarına əhəmiyyətli təsir göstərəcək. 

Piranə Xasiyeva