"Hər il 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu gün ailənin cəmiyyətin əsas dayağı olduğunu xatırlatmaqla yanaşı, müasir dövrdə ailə institutunun qarşılaşdığı dəyişiklikləri və çağırışları da gündəmə gətirir".

Bu sözləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib.

Nailə İsmayılova, ailə institutunun zamanla dəyişdiyini və ənənəvi modeldən daha müasir, fərdiyyətçi və emosional əsaslı modelə keçid etdiyini vurğulayıb: "Zaman dəyişdikcə insanların həyat tərzi, düşüncə sistemi, sosial münasibətləri və gözləntiləri də dəyişir. Bu dəyişikliklər ailə modelinə də təsirsiz ötüşmür. Əvvəllər ailə daha çox ənənə, sosial məsuliyyət və kollektiv düşüncə üzərində qurulurdusa, bu gün fərdi azadlıq, emosional uyğunluq və qarşılıqlı anlayış ön plana çıxır".

Sədr qeyd edib ki, ailə münasibətlərində emosional və psixoloji amillərin – qarşılıqlı hörmətin, anlayışın və emosional təhlükəsizliyin – daha önəmli rol oynayır: "Müasir ailələrdə münasibətlər artıq yalnız maddi təminat və formal məsuliyyət üzərində deyil, psixoloji rahatlıq, emosional təhlükəsizlik və qarşılıqlı hörmət üzərində formalaşır. İnsanlar ailədə özlərini dəyərli, eşidilən və anlayışla qarşılanan tərəf kimi görmək istəyirlər. Bu isə ailə anlayışını daha həssas və eyni zamanda daha mürəkkəb edir".

N.İsmayılova bildirib ki, müasir dövrdə sosial, iqtisadi və texnoloji dəyişikliklər ailə institutuna təsir edir və nəticədə insanlar daha gec evlənir, bəziləri isə ümumiyyətlə ailə qurmaqdan imtina edir: "Yeni dövrdə müxtəlif ailə modelləri də formalaşır. Texnologiyanın inkişafı, sosial medianın təsiri, urbanizasiya, iqtisadi çətinliklər və fərdi həyat prioritetləri ailə münasibətlərinə ciddi təsir göstərir. Bir çox insan evliliyə daha gec yaşda qərar verir, bəziləri isə ümumiyyətlə ailə qurmaqdan uzaqlaşır. Bu tendensiya həm dünyada, həm də Azərbaycanda müşahidə olunur".

O əlavə edib ki, güclü və uzunömürlü ailə sevgi ilə başlasa da, onun davamlılığını təmin edən əsas amillər qarşılıqlı hörmət, anlayış, etibar, sədaqət və məsuliyyətdir: "Sağlam ailə ilk növbədə qarşılıqlı hörmət üzərində qurulmalıdır. Sevgi ailənin başlanğıcı olsa da, onu uzunömürlü edən anlayış, etibar, sədaqət və məsuliyyətdir. İnsanlar bir-birinin fərqlərini qəbul etməyi, problemləri dialoqla həll etməyi və çətinliklərdə birlikdə dayanmağı bacarmalıdırlar".

Nailə İsmayılova, ailəni gücləndirən əsas amillərdən – ortaq məqsəd və dəyərlər, mənəvi yaxınlıq və birlik hissindən – bəhs edib: "Ailəni möhkəm edən əsas amillərdən biri də ortaq məqsəd və dəyərlərdir. Eyni evdə yaşamaq hələ ailə olmaq demək deyil. İnsanları bir-birinə bağlayan mənəvi yaxınlıq və birlik hissi ailəni güclü edən əsas sütunlardır".

Sədr vurğulayıb ki, ailədə sağlam psixoloji inkişaf üçün sevgi dolu mühit vacibdir: "Xüsusilə uşaqlı ailələrdə sevgi dolu və təhlükəsiz mühit onların psixoloji inkişafı üçün böyük əhəmiyyət daşıyır. Müasir dövrdə ailəyə təsir edən əsas təhlükələrdən biri kənar təsirlərin artmasıdır. Sosial media, virtual münasibətlər, müqayisə mədəniyyəti və ictimai təzyiq ailədaxili münasibətləri zəiflədə bilir".

N.İsmayılova bildirib ki, insanlar sosial mediada gördükləri “ideal həyat”la öz ailələrini müqayisə etdikdə narazılıq və emosional uzaqlaşma yarana bilər: "İnsanlar bəzən öz ailələrini sosial şəbəkələrdə gördükləri “ideal həyat”larla müqayisə edir və bu, narazılıq və emosional uzaqlaşma yaradır. Eyni zamanda ailədaxili problemlərə kənar müdaxilələrin çoxalması da etimadı zədələyə bilər".

O sonda qeyd edib ki, Güclü ailələr güclü cəmiyyət yaradır və zaman dəyişsə də, sevgi, hörmət, sədaqət və məsuliyyət kimi əsas dəyərlər dəyişməz qalır: "Unutmaq olmaz ki, ailə sadəcə hüquqi birlik deyil. O, insanın özünü təhlükəsiz hiss etdiyi, anlayış gördüyü və mənəvi dayaq tapdığı bir məkandır. Güclü ailələr güclü cəmiyyətin əsasını təşkil edir. Buna görə də müasir dövrdə ailə formaları dəyişsə də, onun əsas dəyərləri — sevgi, hörmət, sədaqət və qarşılıqlı məsuliyyət dəyişməz qalır".

Fatimə Nəbiyeva