Hər il mayın 15-də qeyd olunan Beynəlxalq Ailə Günü cəmiyyətin əsas sütunu olan ailənin əhəmiyyətini bir daha ön plana çıxarır. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis edilən bu gün, ailə institutunun qorunması, möhkəmləndirilməsi və sosial problemlərə diqqətin artırılması baxımından xüsusi önəm daşıyır. Azərbaycanda da ailə dəyərləri tarixən milli kimliyin ayrılmaz hissəsi kimi qiymətləndirilir və dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Mövzu ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova açıqlama verib.
QHT.az açıqlamanı təqdim edir:
"BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub.
Beynəlxalq Ailə gününün xüsusi bir gün kimi qeyd olunmasında əsas məqsəd insanların diqqətini bir daha ailə məsələlərinə yönəltməkdir. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməli hesab olunub. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı, sözün əsl mənasında Azərbaycan ailəsinin qayğıkeşi, himayədarı idi. Bu münasibət indi də Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev və Vitse-prezidentimiz Mehriban Əliyeva tərəfindən həssaslıqla davam etdirilir.
Bu gün də Azərbaycan ailəsi cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsini, gənc ailələrə qayğını əsas tutur. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Biz də “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi olaraq cənab Prezidentimizin ailə dəyərlərinin, milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində gördüyü işlərə dəstək olaraq ulularımızdan gələn ənənələri, tərbiyə üsulunu özündə əks etdirən, müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, kamil, yüksək səviyyəsi ilə seçilən ailələrin formalaşmasında əlimizdən gələni edirik. Arzu edirik ki, ailələr dağılmasın, əsl xoşbəxtliyə, əbədiliyə qovuşan ailələrimizin sayı çox olsun".
Piranə Xasiyeva






