15 may – Beynəlxalq Ailə Günü münasibətilə ailə institutunun cəmiyyətimizdəki əhəmiyyətini bir daha vurğulamaq istəyirik. Ailə hər bir insanın ilk məktəbi, mənəvi dayağı və formalaşdığı ən müqəddəs mühitdir. Sağlam cəmiyyətin təməli məhz sağlam ailədən başlayır.

Bu fikirləri Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında qeyd edib.

"Bu günün əsas məqsədi ailə dəyərlərinin qorunması, insanlar arasında sevgi, hörmət, anlayış və birlik hissinin gücləndirilməsidir. Müasir dövrdə texnologiyanın inkişafı, sosial şəbəkələrin həyatımıza təsiri və sürətli yaşam tərzi ailədaxili münasibətlərdə müəyyən dəyişikliklər yaradıb. Təəssüf ki, bəzi hallarda insanlar arasında canlı ünsiyyət azalır, qarşılıqlı anlayış və səbir zəifləyir. Bununla yanaşı, ailə institutunun qorunmasına daha həssas yanaşan, övladlarının mənəvi tərbiyəsinə xüsusi önəm verən ailələrin sayı da artır. Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi olaraq hesab edirik ki, ailə dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur. Güclü ailə — güclü cəmiyyət deməkdir. Ailələrimizdə sevgi, hörmət və anlayış daim var olsun".

"15 may – Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edir, hər evə huzur, birlik və xoşbəxtlik arzulayırıq".

Zəhra Ağayeva