Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən 27-28 avqust 2024-cü il tarixlərində Goranboy rayonunda uşaq evliliyi və onun fəsadlarından bəhs edən maarifləndirmə işiylə bağlı 2 günlük seminar təşkil olunub.
QHT.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən seminarlarda 70 nəfər iştirak edib.
Birliyin rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə seminarın ilk günü Goranboy Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rauf Behbudzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova iştirak ediblər. Rauf Behbudzadə çıxışı zamanı yerli icra orqanının əməkdaşı və komissiyanın məsləhətçi-psixoloqu olaraq yerlərdə erkən nikahla bağlı əhali arasında aparılan işlərdən, bu problemlə bağlı statistikadan danışdı. O, həmçinin erkən evlilik və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişiklikləri şərh etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova erkən evlilik nəticəsində təhsildən yayınma hallarını və erkən nikahla bağlı mübarizə yollarını seminar iştirakçılarının diqqətinə çatdırdı. Ucqar kəndlərdə bu mövzuda mütəmadi ailə səfərlərinin və maarifləndirici tədbirlərin keçirildiyini və müsbət nəticələr əldə etdiklərini qeyd edib.
Seminarın ikinci günü Göranboy rayon qeydiyyat şöbəsinin əməkdaşı erkən nikah və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər barədə seminar iştirakçılarına məlumat verib. Seminarlar zamanı layihə çərçivəsində erkən nikah mövzusunda hazırlanmış sosial çarx nümayiş etdirilib. Layihə rəhbəri Nailə İsmayılova sosial çarxın psixoloji məqamlarını şərh edərək çəkilişlələ bağlı əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Çarxda erkən evliliyin yaratdığı psixoloji problemlər, ağır travmalar, fizioloji və psixoloji baxımdan tam yetkinləşməmiş şəxslərin evliliyə məcbur edilməsinin boşanmalar və uğursuz evliliklə nəticələnməsi əks olunub.
Mövzu seminar iştirakçıları ilə çay süfrəsi ətrafında geniş müzakirə olunub. Beləliklə, layihə çərçivəsində keçirilən seminarlar başa çatdı.










